Subaylarda xərçəng riski daha yüksək ola bilər – Yeni araşdırma


Evliliyin xərçəng riskinə təsir edə biləcəyi və evli olmayan şəxslərdə xəstəliyə yoluxma ehtimalının daha yüksək olduğu müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Cancer Research Communications” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Məlumata görə, ABŞ-də aparılan tədqiqat evlilik statusunun sağlamlıq göstəricilərinə təsirini araşdırıb və evli olmayan şəxslərdə xərçəng riskinin daha yüksək ola biləcəyini ortaya çıxarıb.
Araşdırma nəticələrinə əsasən, heç vaxt evlənməyən kişilərdə xərçəng halları evli, boşanmış və ya dul şəxslərlə müqayisədə 68% daha yüksək qeydə alınıb. Qadınlarda isə bu göstərici 83% təşkil edib.
Mütəxəssislər evliliyin təkcə sosial status olmadığını, həm də sağlamlıq davranışlarına təsir edən faktor olduğunu bildirirlər. Araşdırma müəlliflərinin fikrincə, evli insanlar daha çox tibbi müayinələrdən keçir, siqaret və spirt istifadəsi kimi riskli davranışlardan daha çox uzaq dururlar.
Eyni zamanda qeyd olunur ki, evli insanlar daha güclü sosial dəstəyə sahib olduqları üçün xəstəliklər daha tez aşkarlanır və müalicəyə daha erkən başlanılır. Yaş artdıqca bu fərq daha da aydın görünür.
Araşdırmanın müəllifi Paulo S. Pinheiro bildirir ki, evliliyin təsiri zamanla artır və xüsusilə yaşlı insanlarda fərq daha çox hiss olunur.
Bəzi ekspertlər isə bu nəticələrin yalnız evliliklə bağlı olmadığını deyir. Onların fikrincə, sosial və iqtisadi sistemlər evli insanlara daha çox imkan yaradır. Məsələn, bəzi səhiyyə və sığorta sistemlərində evli şəxslər daha geniş xidmətlərdən istifadə edə bilir.

DİGƏR XƏBƏRLƏR

Top