Tibb Mərkəzində əməkhaqqı narazılığı – Qurumlar məsuliyyətdən yayınır?


Nərimanov Tibb Mərkəzinin həkimləri bildirirlər ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB rəhbərliyi tərəfindən tətbiq olunan qaydalar və idarəetmə yanaşmaları onlar üçün ciddi çətinliklər yaradır.
Yeniavaz.com
-a müraciət edən Mərkəzin əməkdaşları deyirlər ki, hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişlərinin tam və şəffaf şəkildə verilməməsi onları ən çox narahat edən məsələlərdəndir.
“Gündəlik qəbul limiti 20–25 nəfər olduğu halda, faktiki olaraq 35–40 xəstə qəbul edirik, lakin ay sonunda əməkhaqqımızda bu əməyin qarşılığını tam şəkildə görə bilmirik, bonuslar kəsilir və səbəbi bilinmir. Heç bir həkim səsini çıxarıb sözünü deyə bilmir, çünki hansısa uydurma səbəblərlə işdən azad olunacağından qorxur”, - həkimlər bildirirlər.
Onlar iddia edirlər ki, qurumlar tərəfindən aparılan yoxlamadan sonra əməkhaqqılarından əlavə tutulmaların ediləcəyi bildirilib:
“Son struktur dəyişikliklərindən sonra ötən həftə Tibb Mərkəzində yoxlama aparılıb. Nəticədə bildirilib ki, guya son 2 il ərzində həkimlərə artıq əməkhaqqı ödənilib və bu məbləğlərin mərhələli şəkildə geri tutulacağı qeyd olunub”.
Həkimlər isə bunu əsassız olduğunu qeyd edirlər:
“Əgər maliyyə və ya idarəetmə səhvi olubsa, məsuliyyət həmin qərarları verən şəxslərin üzərində olmalıdır, sıravi həkimlərin deyil. Biz həkimlər öz peşəmizi vicdanla icra edir, əhalinin sağlamlığı üçün gecə-gündüz çalışırıq. Belə bir şəraitdə əməkhaqqımızdan əsassız tutulmaların aparılması həm maddi, həm də mənəvi baxımdan bizi çətin vəziyyətə salır”.
Məsələ ilə bağlı əvvəlcə TƏBİB-ə müraciət edilib. Qurum məsələnin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid olduğunu bildirib. Agentlikdən verilən cavabda isə əksinə, məsələnin TƏBİB-in səlahiyyətləri daxilində olduğu qeyd edilib.­

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top