Bir ölkə hansı hallarda NATO-dan çıxa bilər?


Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansından (NATO) çıxmaq ehtimalını yenidən gündəmə gətirib.
Yeniavaz.com
“Euronews”a istinadən xəbər verir ki, o, bu ideyanı Avropa ölkələrinin İranla bağlı davam edən gərginlikdə daha fəal iştirak etməməsi ilə əlaqələndirib. Trampın sərt ritorikasına baxmayaraq, ABŞ-nin NATO-dan çıxmasının hüquqi və siyasi baxımdan nə dərəcədə mümkün olduğu müzakirə mövzusuna çevrilib.
Tramp Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində NATO-nu “kağız pələng” adlandıraraq bildirib ki, o, alyansın effektivliyinə heç vaxt inanmayıb. Bu açıqlamalar, xüsusilə Vaşinqtonun Hörmüz boğazı ətrafında hərbi səfərbərlik çağırışlarının Avropa müttəfiqləri tərəfindən dəstəklənməməsi fonunda səsləndirilib.
1949-cu il Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə əsasən, hər hansı üzv dövlət alyansdan çıxmaq üçün əvvəlcə ABŞ-yə rəsmi bildiriş təqdim etməlidir. ABŞ isə depozitar ölkə kimi bu məlumatı digər üzvlərə ötürür və çıxış bir il sonra qüvvəyə minir.
Lakin məsələ bununla bitmir. ABŞ daxilində qəbul edilmiş qanunvericiliyə görə, prezidentin təkbaşına bu qərarı verməsi mümkün deyil. 2023-cü ildə prezident Co Bayden tərəfindən imzalanmış qanuna əsasən, NATO-dan çıxmaq üçün ya Senatda üçdə iki səs çoxluğu, ya da Konqresin ayrıca təsdiqi tələb olunur. Həmin qanun həmçinin bu məqsədlə federal vəsaitlərin istifadəsini də qadağan edir.
Bəzi analitiklər hesab edir ki, ABŞ formal olaraq alyansda qalsa belə, onun öhdəliklərdən geri çəkilməsi daha real riskdir. Xüsusilə NATO-nun əsas prinsipi olan 5-ci maddənin – kollektiv müdafiə öhdəliyinin yerinə yetirilməməsi alyansın fəaliyyətini ciddi şəkildə zəiflədə bilər.
Avrasiya Qrupunun rəhbəri Lan Bremmer qeyd edib ki, ABŞ Senatın təsdiqi olmadan NATO-dan çıxa bilməz, lakin üzv dövlətlər 5-ci maddənin işləkliyinə əmin olmadıqda, alyans faktiki olaraq öz funksiyasını itirə bilər.
ABŞ-nin mümkün çıxışı NATO üçün ciddi maliyyə boşluğu yarada bilər. 2025-ci il məlumatlarına görə, alyansın müdafiə xərclərinin təxminən 60%-I, yəni 1,4 trilyon dollardan çoxu ABŞ tərəfindən qarşılanır. Bu isə o deməkdir ki, ABŞ olmadan Avropa ölkələri və Kanada həm maliyyə, həm də logistika baxımından böyük yükü üzərinə götürməli olacaq.
Göründüyü kimi, ABŞ-nin NATO-dan çıxması texniki olaraq mümkün olsa da, həm daxili qanunvericilik, həm də siyasi reallıqlar bu prosesi son dərəcə çətinləşdirir. Bununla belə, Vaşinqtonun alyans daxilində rolunu azaltması ehtimalı belə, qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər.

DİGƏR XƏBƏRLƏR

Top