
Yekaterinburqda dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə ittiham olunan Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskinin işi üzrə məhkəmə iclasları keçirilib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxs üçün 9 il həbs cəzası tələb edib.
Şahin Şıxlinskinin ciddi rejimli cəzaçəkmə müəssisəsində, oğlunun isə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi tələb olunub.
Zərərçəkmiş hüquq-mühafizə orqanlarının əməkdaşı olduğundan cinayət işi qapalı şəkildə dinlənilib.
Qeyd edək ki, Şahin və Mutvalı Şıxlinskilərə qarşı cinayət işi 2025-ci il iyulun 1-də Yekaterinburqda Azərbaycan vətəndaşlarının kütləvi həbsindən sonra açılıb. Belə ki, həmin tarixdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçıları Şıxlinski ailəsinə məxsus "Bakı Plaza" ticarət mərkəzinin yaxınlığında Mutvalı Şıxlinskinin idarə etdiyi və içində Şahin Şıxlinskinin olduğu avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski avtomobillə FTX əməkdaşlarından birini vurub.
Xatırladaq ki, martın əvvəlində Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Azərbaycan diasporunun üzvləri Şucayəddin Rəcəbov, Akif və Ayaz Səfərovu qəsdən adam öldürməyə cəhddə (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsi), Bəkir, Kamal və Məzahir Səfərovu, eləcə də Şahin Şıxlinskini qəsdən adam öldürməkdə (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib. Şıxlinski cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 22 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Akif Səfərova 21, Ayaz Səfərova 20, Kamal Səfərova 14, Şucayəddin Rəcəbova 14, Məzahir Səfərova 13, Bəkir Səfərova 10 il həbs cəzası verib.
Tətbiqimizi yükləyə bilərsiniz