Dünyanın ən böyük ordularına malik ölkələr açıqlandı – Siyahı


İnsan resursu baxımından dünyanın ən böyük ordularına malik ölkələrin reytinqi açıqlanıb.
Yeniavaz.com
“GlobalFirePower” təşkilatının 2026-cı ilin mart ayı üçün açıqladığı hesabata istinadən xəbər verir ki, siyahıda həm aktiv hərbi qulluqçular, həm də ehtiyat qüvvələr və hərbiləşdirilmiş dəstələr nəzərə alınıb.
Reytinqə əsasən, birinci yerdə Banqladeş qərarlaşıb. Bu ölkədə aktiv hərbi qulluqçuların sayı cəmi 204 min nəfər olsa da, ehtiyat və hərbiləşdirilmiş qüvvələrin sayı 6,8 milyon nəfərə çatır. Nəticədə ümumi hərbi potensial 7 milyondan çox hesablanır.
İkinci yerdə Vyetnam qərarlaşıb. Burada 450 min aktiv hərbçi olsa da, ehtiyat qüvvələrlə birlikdə ümumi say 5,75 milyon nəfərə yüksəlir.
Üçüncü sırada isə hazırda müharibə şəraitində olan Ukrayna yer alır. Davam edən müharibə səbəbindən ölkə mütəmadi səfərbərlik elan edir. Ukraynanın aktiv hərbi heyəti 900 min nəfər, ümumi hərbi potensialı isə 5 milyon nəfərdir.
Dördüncü yerdə dünyanın ən çox əhalisi olan ölkələrindən biri, Hindistan qərarlaşıb. Bu ölkədə 1,4 milyon aktiv hərbçi və ümumilikdə 4,9 milyonluq hərbi qüvvə mövcuddur.
İlk beşliyi Cənubi Koreya tamamlayır. Ölkənin ümumi hərbi potensialı 3,65 milyon nəfər olsa da, aktiv heyət 450 min nəfər təşkil edir.
Reytinqdə diqqət çəkən məqamlardan biri də Rusiya və Çin kimi böyük dövlətlərin ilk üçlükdə yer almamasıdır. Rusiya 6-cı (3,6 milyon), Çin isə 7-ci (3,1 milyon) yerdə qərarlaşıb.
Dünyanın ən güclü hərbi texnologiyalarına malik ABŞ isə siyahıda 8-ci pillədədir. ABŞ-nin ümumi hərbi qüvvəsi 2,1 milyon nəfərdir. Reytinqin son pillələrində Şimali Koreya və Tayvan yer alır.

Onu da bildirək ki, “GlobalFirePower” təşkilatının son məlumatında Azərbaycandakı aktiv hərbi qulluqçuların sayı 128 min nəfər göstərilsə də, ehtiyat və hərbiləşdirilmiş qüvvələrin sayının müvafiq olaraq 306 min və 15 min nəfər olduğu bildirilib. Azərbaycan aktiv hərbi qulluqçuların sayına görə 145 ölkə arasında 43-cü, ehtiyat qüvvələrin sayına görə 26-cı, hərbiləşdirilmiş qüvvələrin sayına görə isə 34-cü sırada yer alıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top