
Dünya üzrə bir çox ölkə üçün miqrantlardan gələn pul köçürmələri sadəcə əlavə gəlir deyil, milli iqtisadiyyatın əsas sütunlarından biridir.
Yeniavaz.com Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, xüsusilə yoxsul və inkişaf etməkdə olan ölkələrdə bu vəsaitlər milyonlarla insan üçün əsas dolanışıq mənbəyinə çevrilib.
Dünya Bankının 194 ölkəni əhatə edən son araşdırmasına görə, pul köçürmələrinin ÜDM-də payı bəzi ölklərdə 10%-dən çoxdur.
Qeyd edək ki, siyahıya Tacikistan başçılıq edir. 2024-cü ildə Tacikistanda ÜDM-nin 47,9%-i xaricdə yaşayan vətəndaşların göndərdiyi vəsaitlərdən formalaşıb. Bu, faktiki olaraq əhalinin böyük hissəsinin gəlirinin miqrant pul köçürmələrindən asılı olduğunu göstərir.
İkinci yerdə Livan qərarlaşıb. Uzunmüddətli siyasi və iqtisadi böhranlar fonunda bu ölkədə pul köçürmələrinin ÜDM-də payı 33,35%-ə çatıb.
Üçüncü yerdə isə Nikaraqua dayanır. Burada bu göstərici 26,64% təşkil edir.
İlk onluğa daxil olan digər ölkələr bunlardır:
Nepal – 26,23%
Honduras – 25,70%
Bermuda – 25,41%
Samoa – 24,01%
El Salvador – 24,00%
Qambiya – 22,00%
Liberiya – 21,28%
Region ölkələri arasında Gürcüstan daha yüksək göstərici ilə seçilir. Gürcüstan ÜDM-nin 11,87%-i xaricdə yaşayan vətəndaşların göndərdiyi vəsaitlərdən formalaşıb və siyahıda 21-ci yerdə qərarlaşıb.
Müqayisə üçün ildirək ki, bu göstərici Ermənistanda 4,92%, Azərbaycanda isə 1,82% olub.
Onu da bildirək ki, Azərbaycan vətəndaşlarının xaricdən göndərdikləri pulların ÜDM-dəki payı 2022-ci ildə 5%, 2023-cü ildə isə 2,6% olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz