
İran, İsrail Livanı bombalamağa davam edəcəyi təqdirdə, danışıqları davam etdirməyin “məntiqsiz” olacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu bəyanatla İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf çıxış edib.
Qalibaf bildirib ki, İsrail İranın dəstəklədiyi “Hizbullah” silahlı qruplaşmasına qarşı paralel müharibəni gücləndirməklə artıq həmin atəşkəsin bir neçə şərtini pozub:
“ABŞ isə İranın nüvə ambisiyalarından imtina etməsini tələb etməklə razılaşmanı pozub.Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məntiqsizdir”.
İsrail və ABŞ rəsmiləri isə bəyan ediblər ki, iki həftəlik atəşkəs Livanı əhatə etmir. İsrailin Baş naziri Benyamin Netanyahu Livana zərbələrin davam edəcəyini söyləyib.
“Məncə, iranlılar atəşkəsin Livanı da əhatə etdiyini düşünürdülər, amma bu, belə deyildi”, - ABŞ-ın vitse-prezidenti Cey Di Vens Budapeştdə jurnalistlərə deyib.
Xatırladaq ki, ötən gün ABŞ və İran ən yüksək səviyyədə iki ölkə arasında 2 həftəlik atəşkəs barədə razılığa gəlindiyini açıqlayıb.
Ötən gün, həmçinin İsrail Livana zərbələr endirib, yüzlərlə insan həlak olub. Bu, İsrailin Livana hücumlarının başlamasından etibarən qeydə alınan ən genişmiqyaslı bombardman hesab olunur.
Tətbiqimizi yükləyə bilərsiniz