"Qeyri-neft ixracının artırılması yaxın perspektivdə üfüqdə də görünmür"

"2016-cı il üzrə xarici ticarət statistikası açıqlanıb. İdxalda təxminən 700 milyon dollar (7,6%) azalma var. İdxaldakı azalma əsasən dövlət sektoru ilə bağlı olub - bu sektor üzrə idxalın həcmi 300 milyon dollar ixtisara düşüb". "Yeniavaz.com" xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert bildirib ki, idxalla bağlı diqqətçəkən başqa bir məqam: minik avtomobillərinin idxalı 4,5 dəfəyədək azalaraq təxminən 23,8 min ədəddən 5 min ədədə enib: "İxrac daha çox azalıb - təxminən 2,3 milyard dollar (20%). İlin yekununa görə, xarici ticarət balansında 610 milyon dollar profisit yaranıb. Bu 2007-ci ildən sonra ən aşağı göstəricidi. 2008-2014-cü illərdə xarici ticarət balansının profisti əksər illərdə 10 milyard dolların üzərində olub. Yalnız 2015-ci ildə nefti qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2,2 milyard dollara enmişdi. Qeyri-neft ixracı 1,258 milyard dollar olub - ümumi ixracın 13,7%-i. Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb. Bu statistikanın analizi göstərir ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür. Uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı. Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin..."

DİGƏR XƏBƏRLƏR

Top