
“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistanda fəaliyyət göstərən tamhüquqlu üzvü MPG şirkətinin direktoru Aram Navasardyan bu ilin iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, respondentlərin 24,3 faizi hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verəcəyini bildirib. Bu göstəricinin əvvəlki dövrlərlə müqayisədə cüzi artdığı qeyd olunur.
İkinci yerdə qərarlaşan “Güclü Ermənistan” partiyası 13,4 faiz dəstək toplayıb.
Digər siyasi qüvvələr arasında “Çiçəklənən Ermənistan” partiyası 7,9 faiz, “Ermənistan” bloku isə 5,5 faiz səslə qərarlaşıb. Bildirilir ki, bu partiyalar da son 2-3 ayda aparılan sorğularla müqayisədə artım qeydə alıblar.
Sorğuda iştirak edənlərin daha kiçik hissəsi digər partiyalara üstünlük verib. Belə ki, “DOK” partiyası 3,1 faiz, Ermənistan Respublika Partiyası 1,9 faiz, “Parlaq Ermənistan” 1,7 faiz, Ermənistanın Lütf Partiyası 1,5 faiz, Respublika Partiyası və Erməni Milli Konqresi isə ayrı-ayrılıqda 1,1 faiz səs toplayıb.
Eyni zamanda, respondentlərin 8,1 faizi seçkilərdə iştirak etməyəcəyini bildirib. 2,7 faiz bülleteni korlayacağını qeyd edib. Qərarsız seçicilərin payı isə kifayət qədər yüksək olaraq qalır: 14,3 faiz suallara cavab verməkdə çətinlik çəkdiyini, 11,4 faiz isə ümumiyyətlə cavab verməkdən imtina etdiyini bildirib.
Qeyd edək ki, sorğu telefon vasitəsilə aparılıb, 1001 nəfəri əhatə edib. Nümunə götürmə xətası 3 faiz təşkil edir.
Qeyd edək ki, “Vətəndaş Müqaviləsi” partiyasının lideri hazırkı Baş nazir Nikol Paşinyandır. Hazırda ölkədə hakim partiya olan “Vətəndaş Müqaviləsi” 2018-ci ildə baş tutan “Məxməri inqilab”dan sonra formalaşıb və liberal-demokratik xətt tutduğunu bəyan edir. Əsas hədəfi korrupsiyaya qarşı mübarizə və dövlət institutlarının islahatıdır.
“Güclü Ermənistan” hərəkatının lideri milyarder Samvel Karapetyandır. Hazırda həbsdə olan Samvel Karapetyan Rusiya vətəndaşıdır. Bu hərəkat hazırda Ermənistanda rusiyayönümlü əsas siyasi qüvvə hesab olunur. Milli-mühafizəkar mövqedə olan “Güclü Ermənistan” Rusiya ilə daha sıx hərbi və iqtisadi ittifaqın tərəfdarıdır. Mövcud hökumətə kəskin müxalifətdədir.
“Çiçəklənən Ermənistan” partiyasının lideri məşhur iş adamı Qaqik Tsarukyandır. Əsasən iş adamlarından ibarət olan bu partiya sağ-mərkəzçi və sosial-mühafizəkar xətt izləyir. İllərdir parlamentdə təmsil olunsa da, hazırda parlamentdən kənar müxalifət rolundadır. Rusiya ilə ənənəvi əlaqələrin qorunmasını vacib sayırlar.
“Ermənistan” blokunun lideri sabiq prezident Robert Köçəryandır. Radikal müxalifətdə olan bu blok bir neçə partiyanın, o cümlədən “Daşnaksütun”un birliyidir. Millətçi və revanşist ideyalara söykənir, Paşinyan hökumətinin istefasını və daha sərt təhlükəsizlik siyasətini müdafiə edirlər.
“DOK” Partiyasının lideri keçmiş polis əməkdaşı olan Vardan Qukasyandır. Daha çox sosial media üzərindən fəaliyyət göstərən populist bir təşkilatdır. Mövcud hakimiyyəti sərt tənqid edir, lakin eyni zamanda köhnə elita ilə də mübarizə apardığını iddia edir.
Ermənistan Respublika Partiyasının lideri keçmiş prezident Serj Sarkisyandır. 2018-ci ilə qədər ölkənin uzunmüddətli hakim partiyası olub. Sağ-mühafizəkar, millətçi ideologiyaya malikdir və Avropa Xalq Partiyasının üzvüdür. Paşinyan hakimiyyətinin əsas siyasi rəqiblərindən biri hesab olunur.
“Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyandır. Liberal və qərbpərəst mövqedədir. Ölkədə Avropa tipli demokratik islahatların aparılmasını və Aİ ilə yaxınlaşmanı təşviq edirlər. Bir müddət “konstruktiv müxalifət” rolunda çıxış etsələr də, son dövrlərdə təsir dairələri azalıb.
Ermənistanın Lütf Partiyasının lideri hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyandır. Əsasən iqtisadi islahatlar və mərkəzçi siyasət yürüdürlər. Son yerli seçkilərdə müəyyən uğurlar qazanıblar və rusiyayönümlü partiya hesab olunurlar.
Respublika Partiyasının lideri Ermənistanın sabiq baş naziri və milli qəhrəmanı Vazgen Sarkisyanın qardaşı Aram Sərkisyandır. Siyasi arenada daha çox Paşinyanın xarici siyasət kursunu (Qərbpərəst) dəstəkləyən, lakin daxili məsələlərdə müstəqil olan liberal-demokratik partiyadır. Rusiya asılılığından qurtulmağı strateji hədəf seçiblər.
“Erməni Milli Konqresi”nin lideri isə ölkənin ilk prezidenti Levon Ter-Petrosyandır. Liberal və praqmatik siyasətin tərəfdarıdırlar.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz