
Türkiyə parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini nəzərdən keçirməyə başlayıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, təşəbbüs platformalarda yaş təsdiqləmə sistemlərinin tətbiq edilməsini, valideyn nəzarəti vasitələrinin təmin edilməsini, həmçinin, şirkətlər tərəfindən zərərli hesab edilən məzmunlara dərhal reaksiya verilməsini tələb edir.
Məlumata görə, onlayn oyun şirkətlərindən yeni qaydalara riayət olunmasını təmin etmək üçün Türkiyədə nümayəndə təyin etmələri tələb olunacaq.
Potensial cəzalara platformalar üçün bant genişliyinin məhdudlaşdırılması və cərimələr daxildir.
Türkiyə hökuməti hesab edir ki, təklif hər cür təhdid və zərərli məzmundan yaranan onlayn riskləri azaltmaq, eləcə də uşaqların məxfiliyini qorumaq məqsədi daşıyır.
Qeyd edək ki, 16 yaşdan kiçik uşaqlar üçün oxşar məhdudiyyət ötən ilin dekabr ayından bəri Avstraliyada qüvvədədir.
Oxşar təşəbbüslər bu ilin mart ayında İndoneziya və Braziliyada qəbul edilib və İspaniya, Fransa və Böyük Britaniyada nəzərdən keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz