Tramp İrana hücumların iki həftəlik dayandırıldığını açıqladı


ABŞ prezidenti Donald Tramp İrana qarşı bombardman və hücumu iki həftə dayandırmağa razı olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, sosial media hesabında bəyanat yayıb.
“Baş nazir Şahbaz Şərif və Pakistanın feldmarşalı Asim Munir ilə söhbətlərimə əsasən, onlar İran İslam Respublikasının Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verməsi şərtilə bu axşam İrana göndərilən zərbə qüvvələrini dayandırmağımı istədilər. Mən İranın bombardman və hücumlarının iki həftəlik dayandırılmasına razılıq verdim. Bu, ikitərəfli atəşkəs olacaq”, - deyə Tramp bildirib.
O buna razılıq verməsinin səbəbini belə izah edib:
“Biz artıq bütün hərbi məqsədlərə nail olmuşuq və daha artığını etmişik, həmçinin İranla davamlı sülhə və Yaxın Şərqdə sülh üçün yekun razılaşmaya nail olmaq üçün çox yol qət etmişik. Biz İrandan 10 bəndlik təklif almışıq və hesab edirik ki, bu, danışıqlar üçün məqbul əsasdır. Demək olar ki, keçmişdə mübahisə mövzusu olan müxtəlif məsələlərin hamısı ABŞ və İran arasında razılaşdırılıb, lakin iki həftəlik müddət razılaşmanın yekunlaşdırılması və rəsmiləşdirilməsi üçün imkan yaradacaq.
Amerika Birləşmiş Ştatları adından, Prezident kimi və eyni zamanda Yaxın Şərq ölkələrini də təmsil edərək, bu uzunmüddətli problemin həllə yaxınlaşmasını bir şərəf hesab edirəm”.
Qeyd edək ki, İranın Ali Təhlükəsizlik Şurası Pakistan vasitəsilə ABŞ-yə 10 maddəlik təklif təqdim etdiyini təsdiqləyib.
AXIOS-un verdiyi məlumata görə, Ağ Ev rəsmisi atəşkəs razılaşmasının İran Hörmüz boğazını açdıqdan sonra qüvvəyə minəcəyini bildirib.
Ağ Evin iki rəsmisinə istinadən “Reuters” agentliyinin verdiyi məlumata görə, İsrail də iki həftəlik atəşkəs və bombardmanların dayandırılmasına razılıq verib.

DİGƏR XƏBƏRLƏR

Top