
“Google” şirkəti internetə ehtiyac duymadan işləyə bilən “Gemma 4” adlı yeni süni intellekt modelini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu sistemin əsas fərqi məlumatları uzaqdakı böyük serverlərə göndərmək əvəzinə, birbaşa istifadəçinin şəxsi telefonunda və ya kompüterində emal etməsidir.
Model təlim mərhələsində öyrəndiyi milyardlarla məlumatı öz yaddaşında saxladığı üçün sualları cavablandırarkən və ya kod yazarkən xarici bağlantı tələb etmir.
Bildirilir ki, istifadəçilər bu sistem vasitəsilə öz şəxsi sənədlərini internetə yükləmədən, tam məxfi şəkildə analiz edə bilərlər. Bu texnologiya həm də xidmət haqqı ödənişlərini aradan qaldıraraq süni intellektin istifadəsini daha əlçatan edir. “Gemma 4” təkcə mətnlərlə deyil, eyni zamanda şəkil və səs formatları ilə də işləyə bilir. İnternet kəsildiyi halda belə sistemin işləməsi modelin daxili prosessor gücündən istifadə etməsi sayəsində mümkün olur. Lakin sistemin tamamilə yeni, anlıq baş verən hadisələr barədə məlumat alması üçün müvəqqəti internet bağlantısı və ya həmin məlumatın fayl şəklində cihaza yüklənməsi lazımdır. Mütəxəssislər bu cür yerli işləyən modellərin tezliklə bütün məişət və rəqəmsal cihazlarda standart hala gələcəyini proqnozlaşdırırlar.
Tətbiqimizi yükləyə bilərsiniz