İstanbulda CHP-li bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı


İstanbulda Üsküdar bələdiyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 20 nəfər saxlanılıb.
İlkin məlumata görə, əməliyyat “tikinti və istifadə icazələri (iskan) verilməsi prosesində rüşvət və qanunsuzluq” iddiaları əsasında həyata keçirilib. İstanbul və Yalova şəhərlərində 30 ünvanda eyni vaxtda axtarış aparılıb.
İstintaq materiallarında qeyd olunur ki, bələdiyyənin tabeliyində olan “Kent A.Ş.” şirkəti vasitəsilə tikinti icazələrinin verilməsi prosesinə qanunsuz müdaxilə edilib. Bu şirkətin bəzi əməkdaşlarının rəsmi səlahiyyətləri olmadan qərarvermədə iştirak etdiyi və qeyri-qanuni ödənişlər tələb etdiyi iddia olunur.
Saxlanılanlar arasında bələdiyyə sədrinin müavini, şirkət rəhbərləri, mühəndislər, iş icraçıları yer alır.
Qeyd olunur ki, Cumhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Sinem Dedetaş ilə bağlı hər hansı hüquqi tədbir görülməyib.
Polis əməliyyatı zamanı bələdiyyə binasında axtarış aparılıb, çoxsaylı rəqəmsal materiallar müsadirə edilib və binaya giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top