“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox kimlər pul xərcləyir? – Siyahı


Bu ilin ilk 3 ayı ərzində “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən səhifə “REAL TV” olub.
Yeniavaz.com
xəbər verir ki, “REAL TV” bu ilin 4 yanvar – 3 aprel tarixləri aralığında paylaşdığı sosial və siyasi məzmunlu 22 postun daha çox istifadəçi tərəfindən görülməsi üçün 3 757 dollar xərcləyib (bir post üçün orta hesabla 171 dollar).
İkinci sırada “Dirçəliş Kuboku” adlı səhifə dayanır. Son 90 gündə bu səhifədə 282 post üçün 2 932 dollar xərclənib. Ödənişlər “Qarabağ Dirçəliş Fondu” adlı hesab tərəfindən edilib. Üçüncü sırada yer alan “Qarabağ Dirçəliş Fondu” səhifəsi üçün edilən 664 dollar ödəniş də eyni adlı hesab tərəfindən qarşılanıb.
Son 3 ayda “Facebook”un Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən 10 səhifə aşağıdakı kimi olub:
“REAL TV” – 3 757 dollar (22 post üçün);
“Dirçəliş Kuboku” – 2 932 dollar (282 post);
“Qarabağ Dirçəliş Fondu” – 664 dollar (37 post);
“Xeberler” – 579 dollar (29 post);
“Press Klub” – 417 dollar (153 post);
“Caliber.Az” – 393 dollar (14 post);
“Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” – 279 dollar (13 post);
“ASAN Xidmət” – 242 dollar (9 post);
“AZTV” – 228 dollar (10 post);
“Globalinfo.az” – 204 dollar (11 post).


Onu da qeyd edək ki, son 3 ayda “Facebook”un Ermənistan seqmentində sosial və siyasi məzmunlu paylaşımların daha çox istifadəçiyə çatması üçün Azərbaycanla müqayisədə dəfələrlə çox vəsait xərclənib.
Ermənistanda bu sahədə ən çox reklam xərci hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanın tərəfdarları tərəfindən edilib. Son 3 ayda ən böyük məbləğ Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” adlı siyasi hərəkat tərəfindən xərclənib. Bu səhifədə paylaşılan 121 “Facebook” postu üçün 95,6 min dollar ödənilib.
“Güclü Ermənistan” partiyasının rəsmi təqdimatına qədər – 12 fevrala kimi reklamlar “Bizim Yolumuz” hərəkatı, daha sonra isə “Güclü Ermənistan” adı ilə maliyyələşdirilib. Bundan əlavə, Samvel Karapetyanın şəxsi səhifəsində yayımlanan 6 post üçün 10 min dollardan çox vəsait xərclənib. Həmçinin, “Güclü Ermənistan” gənclər təşkilatının səhifəsində paylaşılan 3 post üçün 5 348 dollar ödənilib.
Beləliklə, son 3 ayda Karapetyan və onun rəhbərlik etdiyi qüvvə ilə əlaqəli səhifələrdə yayımlanan ümumilikdə 130 post üçün təxminən 111,3 min dollar vəsait xərclənib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top