
İranın Zimbabve və Cənubi Afrikadakı diplomatik nümayəndəlikləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına sosial mediada istehzalı paylaşımlarla cavab veriblər.
Yeniavaz.com xəbər verir ki, İranın Zimbabvedəki səfirliyinin rəsmi hesabında “Açarları itirdik” ifadəsi paylaşılaraq Vaşinqtonun tələbi lağa qoyulub.
Bunun ardınca İranın Cənubi Afrikadakı səfirliyi də zarafatı davam etdirərək “açarların gül qabının altında olduğunu” bildirib və Hörmüz boğazına girişin “yalnız dostlar üçün açıq” olduğunu yazıb.
ABŞ prezidenti xəbərdarlıq edib ki, Tehran Hörmüz boğazını açmasa, Amerika qüvvələri İrandakı körpülər və elektrik stansiyalarını hədəf ala bilər.
Buna cavab olaraq İran tərəfi də qarşılıqlı təhdidlər səsləndirib. Daha əvvəl rəsmi Tehran mümkün hücumlara cavab olaraq ABŞ və İsrail infrastrukturuna zərbə endirə biləcəyini bildirib. İranın “Xatəm əl-Ənbiya” qərargahının baş komandanı Ali Abdullahi isə düşmənə qarşı “cəhənnəm qapılarının açılacağını” bəyan edib.
Qeyd edək ki, Trampın Tehrana Hörmüz boğazı və mümkün razılaşma ilə bağlı qərar verməsi üçün 48 saat vaxt verdiyi ultimatumdan sonra tərəflər arasında ritorika daha da sərtləşib.

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz