
Masazır qəsəbəsi, Akim Abbasov küçəsində kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb olub.
Yeniavaz.com-a müraciət edən sakinlər bildiriblər ki, 5-6 məhəllənin və yüzlərlə evin çirkab sularının axıdıldığı mərkəzi kanalizasiya sistemi daşıb və çirkab suları küçəyə axır:
“Günlərdir kanalizasiyanın çirkab suları yol boyu axır, həyət evlərinin zirzəmilərinə dolur. Yol demək olar çay halına gəlib, maşınlar hərəkət edə bilmir”.
Sakinlər iddia edirlər ki, problemin səbəbi kanalizasiya sisteminin bölgədəki evlərin sayına uyğun qurulmamasıdır:
“Kanalizasiya sistemi oraya birləşən məhəllələr və evlərin sayı ilə müqayisədə standartlara uyğun salınmayıb. Hər yağış yağanda çirkab suları yola daşır”.
Sakinlər qeyd edirlər ki, aylıq su və kanalizasiya üçün ödədikləri pullara baxmayaraq heç bir xidmət göstərilmir:
“Biz aylıq su pulu ödəyirik, həmçinin çirkab sularının axıdılması üçün də ödəniş veririk. Amma qarşılığında heç bir xidmət ala bilmirik”.
Sakinlər bildirirlər ki, müraciətlərinə baxmayaraq, 28-29 martda baş verən yağışlardan sonra problem hələ də həll olunmayıb.
Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsək də, sorğumuza cavab ala bilmədik.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz