
Səkkiz “OPEC+” ölkəsi may ayı üçün neft hasilatı kvotalarını artırmaq barədə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, “OPEC+” tərəfindən yayılan məlumata görə, hasilat aprel ayı ilə müqayisədə gündəlik 206 min barel artırılacaq.
Qərara əsasən, sazişin əsas tərəfdaşı olan Səudiyyə Ərəbistanı və Rusiya hasilatı gündəlik 62 min barel artıraraq müvafiq olaraq 10,228 milyon və 9,699 milyon barelə çatdıracaqlar. Digər iştirakçılar üzrə artım daha məhdud olacaq. Küveyt gündəlik 16 min barel, Əlcəzair isə 6 min barel əlavə hasilat imkanı əldə edəcək.
Kvotalara əsasən, may ayında İraq üçün gündəlik 4,326 milyon barel, BƏƏ üçün 3,447 milyon barel, Qazaxıstan üçün 1,589 milyon barel, Oman üçün isə 821 min barel səviyyəsində hasilat nəzərdə tutulur.
Qeyd edək ki, “Bloomberg” agentliyi bu artımı Yaxın Şərqdə davam edən gərginlik fonunda daha çox “simvolik addım” kimi qiymətləndirib.
“Reuters” isə qeyd edir ki, bu qərar xüsusilə Hörmüz boğazı açılacağı təqdirdə bazara sürətli əlavə tədarük imkanı yaratmaq məqsədi daşıyır.
Hazırda regionda davam edən hərbi gərginlik enerji infrastrukturu üçün ciddi risklər yaradır. “OPEC+” ölkələri birgə bəyanatda vurğulayıblar ki, enerji obyektlərinə hücumlar onların bərpasını çətinləşdirir və bu, qlobal təchizat zəncirinə mənfi təsir göstərir.
Son hadisələr fonunda Hörmüz boğazının faktiki bağlanması qlobal neft tədarükünün əhəmiyyətli hissəsini risk altına qoyub. Bu marşrut dünya neft daşımalarının 20%-dən çoxunun keçdiyi əsas arteriyadır. Nəticədə neft qiymətləri son illərin maksimumuna yüksələrək bir barel üçün təxminən 120 dollara çatıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz