ABŞ və İran 45 günlük atəşkəsi müzakirə edirlər – KİV


ABŞ və İran 45 günlük atəşkəs imkanını müzakirə edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla bildirib.
Onların məlumatına görə, ABŞ, İran və bir qrup regional vasitəçi münaqişəyə son qoya biləcək mümkün 45 günlük atəşkəsin şərtlərini müzakirə edir.
Portalın mənbələri növbəti 48 saat ərzində razılığa gəlmək şansının az olduğunu etiraf etsələr də, bildirirlər ki, bu, İranın mülki infrastrukturuna kütləvi zərbələr və Fars körfəzi ölkələrindəki enerji obyektlərinə və su sistemlərinə cavab zərbələri ilə müşayiət olunan eskalasiyanın qarşısını almağın yeganə yolu ola bilər.
“Axios”un mənbələrinə görə, danışıqlarda regional vasitəçilər Pakistan, Misir və Türkiyə də iştirak edirlər. Onlar müvəqqəti atəşkəsin münaqişənin sona çatması istiqamətində mühüm bir addım ola biləcəyinə ümid edirlər.
Portalın məlumatına görə, vasitəçilər münaqişə tərəflərindən etimad quruculuğu tədbirləri, o cümlədən Hörmüz boğazının açılması və İranın nüvə proqramı üçün mümkün həll yolları axtarırlar. Onlar həmçinin potensial atəşkəsin davamlılığını təmin edə və münaqişənin yenidən başlamasının qarşısını ala biləcək ABŞ-nin mümkün zəmanətlərini nəzərdən keçirirlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə 7 aprelə qədər İranla saziş bağlamaq şansının yüksək olduğunu bildirmişdi. “Truth Social”da isə o, İranın 6 aprelə qədər Hörmüz boğazını açmaması halında enerji və mülki infrastruktur sahələrinə zərbə endirəcəyi ilə hədələmişdi. Bundan əlavə, “Axios” Amerika liderinin İranla potensial saziş bağlamaq üçün son tarixi 24 saat - 7 aprel Şərq vaxtı ilə saat 20:00-a qədər (8 aprel Bakı vaxtı ilə saat 03:00) uzatydığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top