Qattuzonun yerinə üç namizəd var – “Sky Sport”


Cennaro Qattuzonun yerinə İtaliya millisinin məşqçisi vəzifəsinə “Napoli”nin baş məşqçisi Antonio Konte, “Milan”ın baş məşqçisi Massimiliano Alleqri və İtaliyanın keçmiş baş məşqçisi Roberto Mançini namizəd kimi nəzərdən keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky Sport Italia” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Kontenin “Napoli” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və klub prezidenti Aurelio De Laurentis onunla işləməyə davam etməkdə qərarlıdır.
“Milan” Çempionlar Liqasına vəsiqə qazanarsa, Alleqrinin klubla müqaviləsi bir il uzadılacaq. Hər iki məşqçi milli komandaya yalnız uzunmüddətli və dəqiq layihə və planlarla rəhbərlik etməyə razı olacaq. Lakin onların klubları ilə müqavilələrini ləğv etmək o qədər də asan olmayacaq. Qətərin “Əl Sədd” klubuna rəhbərlik edən Roberto Mançini isə 2018-ci ildən 2023-cü ilə qədər rəhbərlik etdiyi milli komandaya qayıtmağa hazırdır. Onun klubla müqaviləsinə xitam verməsi də problem yaratmayacaq.
Qeyd edək ki, İtaliya millisi 2026-cı il Dünya Kubokuna vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovinaya (1:1, penaltilərdə 1:4) məğlub olub. Bununla da komanda ardıcıl üçüncü dəfə Dünya Kubokuna vəsiqə qazana bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top