
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası Nikol Paşinyanı Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində rəsmi olaraq baş nazir vəzifəsinə namizəd kimi təsdiq edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, partiyanın İdarə Heyətinin sədr müavini və iqtisadiyyat naziri Gevork Papoyan qərarın açıq səsvermədən sonra yekdilliklə qəbul edildiyini bildirib.
Paşinyanın namizədliyi partiyanın aprelin 4-də keçirilən səkkizinci növbədənkənar qurultayında səsvermə yolu ilə yekdilliklə təsdiq edilib.
Səsvermə yerli televiziya kanallarında canlı göstərilib.
Digər tərəfdən, bir gün əvvəl Ermənistanın Baş naziri partiyasının parlament seçkilərində iştirak edəcəyi proporsional siyahını elan edib. 283 namizədin daxil olduğu siyahıya Paşinyan başçılıq edir. Xarici işlər naziri Ararat Mirzoyan isə siyahıda ikincidir. İlk onluqda həmçinin Ermənistanın daha dörd naziri var. Onlardan ikisi qadındır: üçüncü yeri tutan səhiyyə naziri Anait Avanesyan və beşinci yeri tutan ədliyyə naziri Srbui Qalyan.
Tətbiqimizi yükləyə bilərsiniz