
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. İki lider Yaxın Şərqdəki münaqişənin mənfi nəticələrini müzakirə ediblər. Fars körfəzi bölgəsində hərbi-siyasi qarşıdurmanın davam edən eskalasiyası ilə bağlı dərin fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, intensiv hərbi əməliyyatlar təkcə regional deyil, həm də qlobal miqyasda, o cümlədən enerji, ticarət və logistika sahələrində ciddi mənfi nəticələrə gətirib çıxarır”, - məlumatda deyilir.
Ukrayna ətrafındakı vəziyyətin müzakirəsi zamanı Putin Ərdoğana müvafiq danışıqlar prosesini asanlaşdırmaq üçün davamlı istəyinə görə təşəkkürünü bildirib.
Rusiya-Türkiyə siyasi, ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün əlavə addımlar, xüsusən də enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi müzakirə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz