
(Həyat dərsi)
Bir gün bir gənc zərgər olmağı qərara aldı və ölkənin ən yaxşı zərgərini axtarmağa başladı. Nəhayət, bir gün axtardığı zərgəri tapdı. Vaxt itirmədən zərgərin yanına getdi və ona nə istədiyini bildirdi. Yaşlı zərgər oğlanı diqqətlə dinlədi. Sonra onun ovcuna bir daş qoyub: “Bu zümrüd daşıdır, onu ovcunda saxla və bir il ovcunu açma. Bir ildən sonra yanıma gələrsən”, - dedi. Oğlan evə qayıtdı. Başına gələnləri ata-anasına danışdı. Ancaq ürəyində ustanın bu hərəkətinə heç bir məna verə bilmirdi.
Günlər keçməyə başladı. Gənc ustanın bu hərəkətində hələ də bir hikmət tapa bilmir, ancaq ovcunu açmamağı da yaddan çıxarmırdı. Artıq get-gedə buna alışdı. Hətta ovcundakı daş düşməsin deyə, yatanda da yarıoyaq yatdı.
Beləcə bir il tamam oldu. Və oğlan yenidən ustanın yanına getdi. Ovcunu açdı və: “Bu da sizin daşınız. Bir il ovcumda gəzdirdim. İndi nə etməliyəm?” - deyə soruşdu. Usta sakit bir səslə: “İndi sənə başqa bir daş verəcəyəm. Onu da eyni şəkildə bir il ovcunda gəzdirəcəksən”, - dedi. Bu sözü eşidən kimi oğlan özünü saxlaya bilmədi. Və var gücü ilə qışqırıb-bağırmağa başladı. Usta hiss etdirmədən başqa bir daş götürüb oğlanın ovcuna qoydu. Qəzəbdən üz-gözü qızaran oğlan ovcundakı daşı hiss etdi. Onu ovcunda bir az da sıxıb həyəcanla: “Bu daş zümrüd daşı deyil ki, usta!” - dedi.
P. S. Hər şeyin bir səbirə və bir vaxta ehtiyacı var.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz