
Ermənistanın dövlət borcunun 14 milyard dolları ötməsi ölkədə əsas müzakirə mövzularından birinə çevrilib.
Yeniavaz.com “Hetq”ə istinadən xəbər verir ki, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra dövlət borcu iki dəfədən çox artıb.
Bildirilir ki, rəsmi izahlara görə, dövlət borcunun artımı bir neçə əsas faktorla bağlıdır. Hökumət büdcə xərclərinin gəlirləri üstələməsi səbəbindən hər il borclanmağa məcbur olur. Bundan əlavə 2020-ci ildə pandemiya və müharibə iqtisadiyyata ciddi zərbə vurub. Müdafiə xərclərinin artması borclanmanı sürətləndirib. Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı borcun artımını açıq şəkildə etiraf edərək bildirib ki, ölkə silahlanma üçün borc götürüb və pandemiyanın təsirlərini azaltmaq məqsədilə əlavə maliyyə cəlb edib. 2026-cı ilin əvvəlinə olan məlumata görə xarici borc təxminən 7,2 milyard dollar təşkil edir. Daxili borc isə 7,4 milyard dollara çatıb.
Xarici borclar əsasən beynəlxalq maliyyə institutları və müxtəlif ölkələrdən alınan kreditlərdən ibarətdir. Daxili borc isə dövlət istiqrazları vasitəsilə vətəndaşlardan və şirkətlərdən cəlb olunub.
Son illərdə daxili borcun daha sürətlə artdığı qeyd edilir. Hökumət bunu daha təhlükəsiz hesab etsə də, ekspertlər daxili borcun xidmət xərclərinin daha yüksək olduğunu bildirirlər.
Ekspert Hovannes Avetisyan “Hetq”ə açıqlamasında bildirib ki, borcun artım tempi iqtisadi artımı üstələyir: “Faiz ödənişləri ildən-ilə artır. Büdcədən borca xidmət üçün ayrılan vəsait sürətlə yüksəlir.
Təkcə 2025-ci ildə borc üzrə faiz ödənişləri 349 milyard dram təşkil edib ki, bu da 2017-ci illə müqayisədə təxminən üç dəfə çoxdur”.
Ekspertlər xəbərdarlıq edir ki, borcun bu templə artması risklidir. 2025-ci ildə iqtisadi artım 7,2% olub, dövlət borcu isə 13,1% artıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz