“Azeri Light” və “Brent” arasında qiymət fərqi niyə böyüyür?


“Azeri Light” nefti “Brent” markalı neftdən daha keyfiyyətli (yüngül və kükürdsüz) olduğu üçün adətən dünya bazarlarında 2-4 dollar baha satılıb.
Yeniavaz.com
xəbər verir ki, son günlər “Azeri Light” və “Brent” markalı neftin qiymətləri arasında kəskin fərq yaranıb. Hətta, bu fərq bu gün – 3 aprel tarixində 30 dollara çıxıb. Belə ki, “Brent” markalı neft 110 dollara satıldığı halda, “Azeri Light” markalı neftin qiyməti 140 dollara kimi yüksəlib.
Məlumat üçün bildirək ki, Azərbaycan nefti əsasən Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Aralıq dənizinə (Ceyhan limanı) çıxarılır. Fars körfəzi və Hörmüz boğazında yaranan risklər həmin regiondan gələn neftin tədarükünü təhlükə altına saldığı üçün, Aralıq dənizi hövzəsində dərhal yüklənə bilən “təhlükəsiz” Azərbaycan neftinə tələbat kəskin artıb.
Bundan başqa “Azeri Light” neftindən yüksək keyfiyyətli dizel və benzin istehsal etmək mümkündür.  Hazırda Avropada və bəzi digər regionlarda neft emalı zavodları kəskin yanacaq qıtlığı ilə üzləşib. “Brent” nefti ilə müqayisədə Azərbaycan nefti daha az enerji sərfiyyatı ilə daha çox mənfəətli yanacaq verdiyi üçün, zavodlar bu nefti əldə etmək üçün daha böyük ödəniş verməyə hazırdırlar.
Qeyd etdiyimiz kimi, normal vaxtlarda “Brent” ilə “Azeri Light” neftinin qiyməti arasındakı fərq kiçik olur.
Lakin, hazırda Yaxın Şərqdə münaqişə olduğu üçün tankerlərin icarə haqqı 3-4 dəfə artıb. “Azeri Light” nefti “ünvana çatdırılma” (CIF) şərti ilə satıldığı üçün sığorta və daşıma xərci avtomatik olaraq onun satış qiymətinə əlavə olunur. “Brent” nefti isə “yerində satış” (FOB) şərti ilə satıldığı üçün onun qiymətində bu daşıma xərci görünmür.
Müharibə və gərginlik olan bölgələrdə neft daşıyan gəmilərin sığorta haqları da kəskin artıb. CIF qiymətinin tərkibində sığorta olduğu üçün bu bahalaşma Azərbaycan neftinin son satış qiymətini “Brent”dən daha yuxarı qaldırır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top