ABŞ Venesuela liderinə tətbiq edilən sanksiyaları ləğv edib


Vaşinqton Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes barəsində tətbiq etdiyi sanksiyaları rəsmi şəkildə ləğv edib.
Yeniavaz.com
“Deutsche Welle”ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, Rodriqesin adı “Xüsusi Təyin Olunmuş Vətəndaşlar” (SDN) siyahısından çıxarılıb.
Qərar iki ölkə arasında münasibətlərin tədricən normallaşması istiqamətində atılan addım kimi qiymətləndirilir. ABŞ administrasiyası Rodriqesi artıq Venesuelanın legitim rəhbəri kimi tanıyır və bu addım onun hökumətinin beynəlxalq iqtisadi əlaqələrini genişləndirməsinə şərait yaradır.
Sanksiyaların aradan qaldırılması ilə Rodriqes administrasiyası ABŞ şirkətləri və investorları ilə daha sərbəst əməkdaşlıq edə biləcək. Bu, xüsusilə Venesuelanın enerji və neft sektoruna xarici investisiyaların cəlb olunmasını sürətləndirə bilər.
Xatırladaq ki, Rodriges 2026-cı ilin yanvarında ABŞ qüvvələrinin Karakasda keçirdiyi əməliyyat nəticəsində sabiq prezident Nikolas Maduro saxlanıldıqdan sonra hakimiyyətə gəlib.
ABŞ mart ayında Rodriqesi rəsmi olaraq ölkənin lideri kimi tanıyıb. Bunun ardınca Vaşinqton Karakasda uzun fasilədən sonra səfirliyini yenidən açaraq diplomatik münasibətlərin bərpasına start verib.
Qeyd edək ki, Delsi Rodriqes 2018-ci ildə Maduro hökumətində yüksək vəzifə tutduğu üçün sanksiyalara məruz qalıb. Son hadisələr fonunda isə o, ABŞ ilə əməkdaşlıq kursunu dəstəklədiyini bildirərək iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top