
Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan daxili işlər nazirinin sabiq müavini Rüfət İsmayılovun yarım milyard rubl dəyərində əmlakını müsadirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kavkaz” informasiya portalı məlumat yayıb.
Məlumata görə, məhkəmə Rusiya Baş Prokurorluğunun iddiasını təmin edərək İsmayılovun 533 milyon rubl dəyərində əmlakının müsadirə olunmasına qərar verib.
Qərar dərhal qüvvəyə minib.
Qeyd olunub ki, əvvəllər Dağıstanda Rüfət İsmayılov və onun müavini Dalqat Abdulqapurov barəsində cinayət işi başlanıb. Onlar cinayət işlərini dayandırmaq müqabilində rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunublar. Həbs noyabrın əvvəllərində həyata keçirilib.
Sabiq nazir müavini ilə bağlı iş üzrə müstəntiqlər Birləşmiş Ərəb Əmirliklərindən kömək istəyib.
Məlumata görə, hazırda istintaq beş fonoskopik, kompüter-texniki, üç qiymətləndirmə və iki dilçilik ekspertizasının nəticələrini gözləyir.
Bildirilib ki, Moskvanın Basman Rayon Məhkəməsi İsmayılova aid olduğu güman edilən səkkiz torpaq sahəsi və digər əmlaka həbs qoyub. Əmlak saxta şəxslərin adına qeydiyyatdan keçirilib. İstintaqın məlumatına görə, İsmayılov faktiki olaraq ona məxsus hərəkətli və hərəkətsiz əmlakı respublikadakı dörd tanışının adına keçirib.
Qeyd edək ki, Rüfət İsmayılov və Dalqat Abdulqapurov 2023-cü ildə Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən saxlanılıblar. 1975-ci il təvəllüdlü Rüfət İsmayılov Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası hakim Hikmət İsmayılov Dağıstanda hakim vəzifəsində çalışıb.
Tətbiqimizi yükləyə bilərsiniz