
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami mətbuata verdiyi müsahibədə Tehranın “Tramp marşrutu” (TRIPP) ilə bağlı mövqeyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, diplomat İranın bu məsələ ilə bağlı hələlik əvvəlcədən fikir bildirmək və ya yekun nəticə çıxarmaq istəmədiyini deyib.
Onun sözlərinə görə, məsələ diqqətlə izlənilir, lakin tələsik qiymətləndirmələrdən qaçılır.
Şirqulami, həmçinin Rusiya Baş nazirinin müavini Aleksey Overçukun ABŞ-nin Orta Asiyadan strateji mineralların daşınması və İran üzərində nəzarət imkanlarının genişləndirilməsi məqsədilə Ermənistandan keçən dəhlizə ehtiyac duyduğu barədə fikirlərinə də münasibət bildirib.
Səfir qeyd edib ki, Tehran Ermənistanın tranzit ölkə kimi potensialının inkişafına prinsipcə qarşı deyil. O vurğulayıb ki, İran tərəfi Ermənistan hakimiyyəti ilə blokadanın aradan qaldırılması, Şimal–Cənub nəqliyyat marşrutu və Qara dənizlə Fars körfəzini birləşdirən layihələr ətrafında müzakirələr aparıb.
Bununla yanaşı, diplomat mümkün layihələrin təhlükəsizlik baxımından risk yaratmaması məsələsinin İran üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
Şirqulami əlavə edib ki, rəsmi Tehran ABŞ rəhbərliyinin, o cümlədən prezident Donald Tramp və Pentaqon rəsmilərinin İrana qarşı sərt bəyanatlarını da nəzərə alır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz