
Bu ilin fevral ayının sonuna olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların göstəriciləri açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bankların cəmi aktivləri 0,3% artaraq 57 milyard 132,8 milyon manat, cəmi öhdəlikləri isə 0,2% artaraq 49 milyard 617,4 milyon manat təşkil edib. Bankların balans kapitalı isə 1,5% artaraq 7 milyard 515,4 milyon manata yüksəlib.
Bankların kredit portfeli fevralda 0,5% və ya 138,8 milyon manat artaraq 30 milyard 118,9 milyon manat səviyyəsinə çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,3% (16 058 mln. manat), istehlak kreditləri 31,4% (9 467,5 mln. manat), ipoteka kreditləri isə 15,3% (4 593,4 mln. manat) təşkil edib.
Bankların öhdəliklərinin strukturunda depozitlər üstünlük təşkil edir – ümumi öhdəliklərin 75,2%-i və ya 37 milyard 290,6 milyon manatı depozit portfelinə aiddir. Bu portfelin 54,8%-i hüquqi şəxslərə (20 425,4 mln. manat), 45,2%-i isə fiziki şəxslərə (16 865,3 mln. manat) məxsusdur.
Fiziki şəxslərin əmanətlərinin 68,9%-i (11 626,2 mln. manat) milli, 31,1%-i (5 239,1 mln. manat) isə xarici valyutada yerləşdirilib. Qeyd edək ki, fevral ayında unikal müddətli əmanətçi sayı 2,5% artaraq 202,1 min nəfərə çatıb.
2026-cı ilin yanvar-fevral aylarında bank sektoru ümumilikdə 301,2 milyon manat əməliyyat mənfəəti və 189,7 milyon manat xalis mənfəət əldə edib. Bu dövr ərzində banklar tərəfindən dövlət büdcəsinə 47,7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz