
“Biz dünyada “doğum hüququ” ilə vətəndaşlığa icazə verəcək qədər axmaq və yeganə ölkəyik”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Donald Trampın bu sözləri müzakirələrə səbəb olub.
Bildirilir ki, ABŞ dünyada “doğum hüququ” ilə vətəndaşlığa icazə verən yeganə ölkə deyil. “Doğum hüququ” ilə vətəndaşlığa icazə vermək beynəlxalq hüquqda “Jus soli” prinsipi adlanır. Latın dilindən tərcümədə “torpaq hüququ” mənasını verən bu prinsipə görə, bir uşaq konkret bir ölkənin sərhədləri daxilində doğulubsa, valideynlərinin kimliyindən və hüquqi statusundan asılı olmayaraq avtomatik həmin ölkənin vətəndaşlığını qazanır.
Dünyada təxminən 30-dan çox ölkə qeyd-şartsız “doğum hüququ”nu tətbiq edir. Bu ölkələrin böyük əksəriyyəti Şimali və Cənubi Amerikada yerləşir. Kanada, Meksika, Braziliya, Argentina, Panama, Peru, Venesuela, Yamayka və Uruqvay kimi ölkələr eyni hüquqi sistemi bölüşürlər. Çilidə isə bu hüquq ancaq diplomat övladlarına tanınır.
Məlumat üçün bildirək ki, dünyanın bir-çox ölkəsində, o cümlədən də Avropa ölkələrinin əksəriyyətində “doğum hüququ” yerinə “qan hüququ” (“Jus sanguinis”) prinsipini tətbiq edilir. Yəni, Almaniya, Fransa və ya Böyük Britaniya kimi ölklərdə doğulmaq sizə avtomatik vətəndaşlıq vermir. Vətəndaşlıq üçün valideynlərinizdən ən azı birinin həmin ölkənin vətəndaşı olması və ya müəyyən müddət orada qanuni yaşaması tələb olunur.
Onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyi də əsasən bu prinsipə – “qan hüququ”na əsaslanır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna görə, valideynlərindən hər ikisi Azərbaycan vətəndaşı olan uşaq, harada doğulmasından asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunur. Eyni zamanda hər iki valideyni əcnəbi olan uşaq Azərbaycanda doğulsa belə Azərbaycan vətəndaşı hesab olunmur. Lakin, qeyd edək ki, bu prinsip vlideyinlərin vətəndaşlığı olmadığı zaman keçərli olmur. Yəni, valideyinlərinin vətəndaşlığı bilinmədiyi halda, Azərbaycanda doğulan uşaqlar Azərbaycan vətəndaşı hesab olunurlar.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz