
Donald Tramp çərşənbə günü ABŞ-ni NATO-dan çıxarmaqla hədələyib.
Yeniavaz.com xəbər verir ki, o, səbəb kimi NATO-nun Avropadakı üzv ölkələrinin Hörmüz boğazı yaxınlığına gəmi göndərərək boğazı açmaqdan imtina etməsini göstərib.
“Mütəxəssislər bildirirlər ki, Trampın 77 illik bu transatlantik ittifaqdan təkbaşına çıxmaq səlahiyyətinin olub-olmadığı aydın deyil. Baxmayaraq ki, o, tez-tez Konqresin təsdiqi olmadan qərarlar verir və onların bəziləri ABŞ məhkəmələri tərəfindən dayandırılır”, - “Reuters” yazır.
ABŞ Konstitusiyası nə deyir?
ABŞ Konstitusiyası prezidentə Senatın məsləhət və razılığı ilə müqavilələr bağlamaq səlahiyyəti verir. Bunun üçün 100 nəfərlik Senatın üçdə iki hissəsinin razılığı tələb olunur.
Lakin Konstitusiyada müqavilələrdən çıxma qaydası barədə açıq müddəa yoxdur.
NATO müqaviləsi nə deyir?
NATO 1949-cu ildə Sovet hücumu riskinə qarşı yaradılıb və o vaxtdan bəri Qərbin təhlükəsizlik sisteminin əsas dayağı hesab olunur. Alyansa Avropa ölkələri ilə yanaşı ABŞ və Kanada da daxildir.
1949-cu il Şimali Atlantika Müqaviləsinin 13-cü maddəsinə görə, istənilən üzv ölkə ABŞ hökumətinə bir il əvvəlcədən rəsmi bildiriş göndərməklə təşkilatdan çıxa bilər. ABŞ isə bu “çıxış bildirişini” digər üzv ölkələrə çatdırır.
ABŞ qanunları nə deyir?
ABŞ Konqresinin 2023-cü ildə qəbul etdiyi və həmin vaxt prezident olan Co Baydenin imzaladığı qanuna görə, ABŞ prezidenti NATO-nu yaradan müqavilədən ölkəni çıxara, dayandıra və ya ləğv edə bilməz, əgər bu qərar 100 nəfərlik Senatın üçdə iki səs çoxluğu ilə dəstəklənmirsə.
Hazırda həm dövlət katibi, həm də milli təhlükəsizlik üzrə müşavir olan Rubio çərşənbə axşamı bildirib ki, fevralın 28-də ABŞ və İsraeiin hava zərbələri ilə başlayan İran müharibəsindən sonra Vaşinqton NATO ilə münasibətlərinə yenidən baxmalı olacaq.
Tramp nə deyib?
Donald Tramp uzun illərdir NATO-nu sərt şəkildə tənqid edir. 2020-ci ildə, onun ilk prezidentliyi dövründə, ABŞ Ədliyyə Nazirliyinin hüquq müşaviri belə bir rəy vermişdi ki, beynəlxalq müqavilələrdən çıxmaq səlahiyyəti yalnız prezidentə məxsusdur, Konqresə yox.
2026-cı ilin fevralında Konqresin Tədqiqat Xidməti tərəfindən hazırlanan hesabatda qeyd olunub ki, məsələ məhkəməyə çıxarılsa, icra hakimiyyəti həmin hüquqi rəyi əsas gətirərək müdafiə siyasəti qanununa edilən düzəlişin konstitusiyaya zidd olduğunu iddia edə bilər.
Tramp çərşənbə günü “Reuters”ə bildirib ki, xalqa müraciətində alyansdan çıxmağı “tam ciddi şəkildə” düşündüyünü açıqlayacaq. O buna səbəb kimi NATO-dan “narazılığını” göstərib.
Onun bu açıqlaması müdafiə naziri Pit Heqsetin ABŞ-nin NATO-nun kollektiv müdafiə öhdəliyinə sadiqliyini təsdiqləməkdən imtina etməsindən cəmi bir neçə saat sonra səslənib.
Nə baş verə bilər?
Beynəlxalq hüquqa görə, əgər müqavilə çıxışa icazə verirsə və ölkə müəyyən edilmiş prosedura əməl edirsə, adətən dövlət başçısı həmin müqavilədən çıxmaq səlahiyyətinə malik olur.
ABŞ qanunvericiliyində isə bu məsələ daha qeyri-müəyyəndir. Buna baxmayaraq, prezidentlər əvvəllər də Konqresin təsdiqi olmadan bəzi müqavilələrdən çıxıblar. Məsələn, Donald Tramp 2020-ci ildə 35 ölkənin iştirak etdiyi Açıq Səma Müqaviləsindən çıxmışdı. Bu müqavilə üzv ölkələrin ərazisi üzərində silahsız müşahidə uçuşlarına icazə verirdi.
Əgər məsələ məhkəməyə çıxarılsa, Trampın qərarına qarşı iddia qaldırmaq asan olmayacaq. Əsas çətinliklərdən biri – belə iddianı qaldırmaq üçün “hüquqi marağın” (yəni qərardan birbaşa təsirlənən tərəf olmağın) sübut edilməsidir.
Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi isə indiyə qədər müqavilədən çıxma məsələsinə mahiyyəti üzrə baxmayıb. “Reuters” yazır ki, məhkəmənin mühafizəkar çoxluğu isə tez-tez Trampın mövqeyinə uyğun qərarlar verir.
Tətbiqimizi yükləyə bilərsiniz