
Rusiya Prezidenti Vladimir Putin Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiyayönümlü siyasi qüvvələrin seçkilərdə iştirakına şərait yaradılacağına ümid etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Putin bu fikirləri Ermənistanın Naş naziri Nikol Paşinyan ilə Moskvada görüşü zamanı səsləndirib.
Onun sözlərinə görə, Ermənistanda Rusiyaya yaxın mövqe tutan çoxsaylı siyasi qüvvələr mövcuddur və onların seçki prosesində iştirak etməsi arzuolunandır.
“İstərdik ki, bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı ölkənin daxili siyasi həyatında iştirak edə bilsinlər”, – deyə Rusiya lideri qeyd edib.
Putin əlavə edib ki, bəzi siyasətçilər hazırda həbsdədir və onların arasında Rusiya vətəndaşlığı olan şəxslər də var. Bununla belə, o vurğulayıb ki, bu, Ermənistanın daxili qərarıdır və Moskva bu məsələyə müdaxilə etmir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkədə siyasi məhbusların olmadığını bəyan edib.
Baş nazir bildirib ki, ölkədə hüquqi prosedurlar çərçivəsində qərarlar qəbul olunur və siyasi motivli həbslər mövcud deyil.
Onun sözlərinə görə, Ermənistanda demokratik sistem fəaliyyət göstərir və hətta bəzi vətəndaşlar “həddindən artıq demokratiya”nın olduğunu düşünür. Paşinyan əlavə edib ki, ölkədə sosial şəbəkələr azaddır və heç bir məhdudiyyət tətbiq edilmir.
Seçkilərlə bağlı danışan baş nazir qeyd edib ki, parlament seçkilərinin nəticələrinə əsasən yeni baş nazir müəyyən olunacaq. O vurğulayıb ki, yalnız Ermənistan vətəndaşlığı olan şəxslər seçkilərdə namizəd kimi iştirak edə bilər.
“Konstitusiyaya görə, Rusiya pasportu olan şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilməzlər”, – deyə Paşinyan bildirib.
Baş nazir həmçinin əmin olduğunu ifadə edib ki, 7 iyun tarixində keçiriləcək parlament seçkilərindən sonra Ermənistanda demokratiya daha da möhkəmlənəcək və ölkə ilə Rusiya arasında münasibətlər inkişaf etməyə davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz