
2023-cü ildə ölkənin aparıcı təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 2 049 nəfər məzun olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin açıqladığı “Məzunların məşğulluq reytinqi”ndə yer alıb.
Bildirilir ki, İqtisad Universitetinin məzunlarının 73,5%-i, yəni 1 505 nəfəri işlə təmin olunub. Muzdla (əməkhaqqı ilə) işləyən məzunların 43,2%-ni qadınlar, 56,8%-ni isə kişilər təşkil edib.
2023-cü ildə işlə təmin olunan məzunların 783 nəfərinin, yəni 52%-nin əməkhaqqı 400 manatdan aşağı olub. 401–500 manat arasında əməkhaqqı alan məzunların sayı isə 235 nəfər (15,6%) təşkil edib. 1 401 –1550 manat arasında əməkhaqqı alan məzunların sayı isə cəmi 4 nəfər (0,3%) olub.
2023-cü ildə İqtisad Universitetinin məzunlarını ən çox işə götürən qurumlar əsasən banklar və pərakəndə ticarət sektorunda fəaliyyət göstərən şirkətlər olub.
Qeyd edək ki, İqtisad Universitetinin məzunlarının 37-si “Kapital Bank”da, 26-sı “Araz Supermarket”də, 17-si “McDonald’s”da, 11-i isə “AZZA”da işə düzəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz