
Loni şəhəri dünyada hava kirliliyi ən yüksək olan yaşayış məntəqəsi elan edilib.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, ötən il dünyanın ən çirklənmiş beş şəhərindən üçü Hindistanda yerləşib və siyahıya Loni şəhəri başçılıq edib.
Dehli yaxınlığında yerləşən bu sənaye şəhərində havanın çirklənməsinin əsas səbəbləri avtomobil və sənaye tullantıları, taxıl qalıqlarının yandırılması, eləcə də tikinti tozudur.
Xüsusilə dekabrdan yanvaradək davam edən soyuq və quru qış aylarında çirklənmə səviyyəsi kritik həddə çatır.
Bu vəziyyət yerli sakinlər üçün ciddi problemə çevrilib. Fabriklərdən çıxan tüstü, avtomobil qazları və tikinti tozu təxminən 700 min sakinin normal nəfəs almasını çətinləşdirir.
“Öskürməyi unudun, burada nəfəs almaq belə çətindir”, – deyə 45 yaşlı sürücü Manoj Kumar bildirib.
O, bütün həyatını Loni şəhərində keçirdiyini qeyd edib.
Lonidə fəaliyyət göstərən klinikanın həkimi Anil Sinq isə son beş ildə tənəffüs problemləri ilə müraciət edən xəstələrin sayında artım müşahidə olunduğunu deyib:
“Xüsusilə uşaqlarda erkən astma simptomlarını görürəm”.
Qeyd edək ki, Hindistan 2019-cu ildə “Təmiz Hava Proqramı”na start verib. Proqramın məqsədi 2025–2026-cı illərədək havadakı zərərli hissəciklərin konsentrasiyasını 40% azaltmaqdır. Lakin icra və koordinasiya problemləri səbəbindən bu istiqamətdə irəliləyiş ləng gedir.
Bəzi sakinlər üçün isə yeganə çıxış yolu şəhəri tərk etməkdir.
“Buradan uzaqda özümüzü daha yaxşı hiss edirik. Hər yerdə təmiz hava var. Burada isə yaxşı hiss etmirik”, – deyə Loni sakinlərindən biri bildirib.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz