Pezeşkian müharibənin bitməsi üçün şərtlərini açıqladı


İran Prezidenti Məsud Pezeşkian İranın İslam Respublikasına hücumların təkrarlanmaması şərti ilə ABŞ və İsraillə müharibəyə son qoymağa hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Avropa Şurasının rəhbəri António Kosta ilə telefon danışığı zamanı qeyd edib.
“İranın zəruri şərtlər yerinə yetirilərsə, təcavüzün təkrarlanmayacağına zəmanətlər verilərsə, münaqişəyə son qoymaq iradəsi var”, - Pezeşkian bildirib.
İran Prezidenti əlavə edib ki, Yaxın Şərqdəki münaqişə ABŞ və İsrailin təcavüzkar hərəkətlərinin nəticəsidir. O, Avropa İttifaqını qərəzlilikdə günahlandırıb. Çünki ABŞ-İsrail hücumları Aİ-nin dəstəklədiyi qanunun aliliyi prinsipini pozur.
Kosta da öz növbəsində Aİ ölkələrinin İrana hücumları dəstəkləmədiyini qeyd edib. O, həmçinin qeyd edib ki, Aİ bunu beynəlxalq hüquq və normaların pozulması hesab edir.
Digər tərəfdən, İranın Rusiyadakı səfiri Kazım Cəlali Tehranın ABŞ və İsraildən davamlı sülhə nail olmaq üçün tələblərini açıqlayıb.
Onuun sözlərinə görə, siyahı dörd bənddən ibarətdir.
Diplomat qeyd edib ki, birinci tələb təcavüz və terror aktlarının qəti və tam dayandırılması, ikinci tələb təcavüzün qarşısını almaq üçün obyektiv və etibarlı təminatın verilməsi, üçüncü tələb maddi və mənəvi ziyana görə tam kompensasiya ödənilməsi, dördüncü tələb isə beynəlxalq dəniz təhlükəsizliyini qorumaq məqsədilə İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmətlə yanaşılmasıdır.
Cəlali həmçinin qeyd edib ki, İran vasitəçilərin rolunu və səylərini yüksək qiymətləndirsə də, sülhün yalnız bu öhdəliklərə əməl olunmasından asılı olduğuna inanır.
Qeyd edək ki, ABŞ bundan əvvəl İrana müharibəyə son qoymaq, nüvə və raket proqramlarını məhdudlaşdırmaq üçün 15 maddəlik plan göndərmişdi. Əsas tələblərə nüvə obyektlərinin sökülməsi, uranın zənginləşdirilməsinin dondurulması və proksi qruplara dəstəyin dayandırılması daxildir.
İran bu şərtləri qeyri-real hesab edir.​​​​

DİGƏR XƏBƏRLƏR

Top