Eyfel Qülləsinin pilləkəninin orijinal hissəsi hərraca çıxarılır


Mayın 21-də məşhur Eyfel Qülləsinin pilləkəninin orijinal hissəsi hərraca çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, tədbiri “Artcurial Auction” hərrac evi təşkil edəcək.
Eyfel qülləsi fransız mühəndisi Qustav Eyfel tərəfindən layihələndirilib və tikintisi fasilələrlə bir əsr yarım davam edib.
Tikinti başa çatdıqdan sonra qüllə Vaşinqton abidəsini geridə qoyaraq, dünyanın ən hündür tikilisi olub. Qüllə bu rekordu 1929-cu ildə Nyu-York şəhərindəki “Chrysler” binası tikilənə qədər, təxminən 40 il saxlayıb.
1983-cü ildə qüllənin ikinci və üçüncü mərtəbələrini birləşdirən orijinal spiral pilləkənlər sökülərək liftlərlə əvəz edilib.
Sökülmüş 24 hissədən biri qüllənin birinci mərtəbəsində qalıb, digər üçü isə Paris muzeylərinə verilib. Qalan hissələr isə hərracda satılıb. Hazırda bu hissələr Disneylenddən Pensilvaniyadakı kiçik şəhərlərə və hətta Yaponiyaya qədər bütün dünyada var.
İndi isə adı açıqlanmayan bir kolleksiyaçı məşhur qüllənin pillkəninin bir hissəsini hərraca çıxarıb.
Pilləkənin bu nadir hissəsi 2,75 metr hündürlükdədir və son 40 ildir ki, şəxsi kolleksiyada saxlanılır.
Bu yaxınlarda Eyfel qülləsini təmir edən emalatxanalar dəmir hissənin orijinal rəngini (qəhvəyi rəng) bərpa edib.
Hərrac evinin bildirdiyinə görə, bu, 2013-cü ildən bəri yenidən satılan pilləkənin beşinci hissəsi olacaq. Belə ki, 2016-cı ildə oxşar bir hissə təxminən 600 000 dollara satılıb. Bu hissələrdən biri 2018-ci ildə 186 000 dollara, digəri isə 2020-ci ildə 290 000 dollara alıcı tapıb.
“Artcurial Auction” yeni lotun qiymətinin təxminən 57 000 dollara çatacağını proqnozlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top