
Son günlər mətbuatda ABŞ-nin Fars körfəzinin şimalında yerləşən və İrana məxsus Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə iddialar yayılır.
Yeniavaz.com xəbər verir ki, bu iddiaların yayılmasına paralel olaraq mətbuatda ABŞ-nin 46 il əvvəl – 1980-ci ildə İranda həyata keçirməyə çalışdığı uğursuz hərbi əməliyyatdan da bəhs olunur.
Qeyd edək ki, söhbət tarixə “Qartal caynağı” (“Eagle Claw”) kimi düşən əməliyyatdan gedir. Məlum olduğu kimi, 1979-cu ilin əvvəlində İranda şah rejimi devrilib və Məhəmməd Rza Pəhləvi ölkəni tərk edib. Elə həmin ilin 1 aprelində keçirilən referendum nəticəsində ölkədə İslam Respublikası elan olunub və hakimiyyətə Ruhullah Xomeyninin rəhbərlik etdiyi yeni rejim gəlib.
Yeni hakimiyyət ABŞ-dən şahın İrana təhvil verilməsini tələb etsə də, Vaşinqton bu tələbi rədd edib və üstəlik İranın ABŞ banklarındakı hesablarını dondurub. 1979-cu il noyabrın 4-də radikal tələbə qrupları Tehrandakı ABŞ səfirliyinə basqın edərək 66 nəfəri girov götürüblər. Sonradan onların 13-ü azad edilsə də, 53 nəfər səfirlikdə saxlanılıb. ABŞ Prezidenti Cimmi Karter iqtisadi sanksiyalar tətbiq etsə də, bu addımlar girovların azad olunmasına gətirib çıxarmayıb. Nəticədə 1980-ci ilin aprelində diplomatik münasibətlər tam kəsilib və hərbi əməliyyat planı işə salınıb.
Plan kağız üzərində dəqiq və hesablanmış görünsə də, real şəraitdə ciddi problemlər ortaya çıxıb. 24 aprel 1980-ci il axşamı əməliyyat başlayanda C-130 təyyarələri uğurla İran ərazisinə daxil olub “Səhra-1” nöqtəsinə eniş ediblər. Lakin burada gözlənilməz hadisə baş verib – xüsusi təyinatlılar yaxınlıqda hərəkətli avtomobil yolunun olduğunu aşkar ediblər. Onlar bir sərnişin avtobusunu saxlayıblar, daha sonra isə dayanmaqdan imtina edən yanacaq daşıyan başqa bir avtomobili məhv ediblər. Partlayış nəticəsində yaranan alov uzaq məsafədən görünərək əməliyyatın məxfiliyini ciddi şəkildə pozub.
Əsas problemlər isə havada başlayıb. Vertolyotlar İran ərazisində güclü qum fırtınasına düşüblər. Bu şəraitdə bir vertolyot geri qayıdıb, 2 vertolyot isə texniki nasazlığa görə yolda qalıb. Nəticədə planlaşdırılan 8 vertolyotdan yalnız 5-i “Səhra-1” nöqtəsinə çata bilib.
Bütün bunlara baxmayaraq, proses davam edərkən daha böyük faciə baş verib. Vertolyotlardan biri manevr zamanı C-130 təyyarəsinə çırpılıb. Güclü partlayış nəticəsində 8 amerikalı hərbçi həlak olub, həm vertolyot, həm də təyyarə tamamilə məhv edilib. Partlayışdan sonra səhrada böyük yanğın başlayıb və ərazi işıqlanıb.
Qaranlıq, qarışıqlıq və stress şəraitində amerikalı hərbçilər vəziyyəti düzgün qiymətləndirə bilməyiblər. Bəziləri İran qüvvələrinin hücum etdiyini zənn edərək nizamsız atəş açmağa başlayıblar. Yaralananlar olub və əməliyyat tam xaosa çevrilib.
Əməliyyatın komandanı polkovnik Çarlz Bekkvit geri çəkilmə əmri verib. Sağ qalan qüvvələr təcili şəkildə təyyarələrə minərək İranı tərk ediblər. Lakin onlar səhrada 5 vertolyotu, məxfi sənədləri, rabitə kodlarını və digər avadanlıqları tərk ediblər. Bu texnika sonradan İranın əlinə keçib.
Bu uğursuz əməliyyat ABŞ daxilində ciddi siyasi nəticələr doğurub. Dövlət katibi Sayrus Vens əməliyyata qarşı çıxsa da, onun həyata keçirilməsi qərarını verdiyi üçün istefa verib. Hadisə Cimmi Karter administrasiyasının nüfuzuna ağır zərbə vurub.
Uzun danışıqlardan sonra girovlar yalnız 1981-ci ilin yanvarında, Ronald Reyqan prezident kimi and içdiyi gün azad olunublar.
Onu da qeyd edək ki, 46 il əvvəl olduğu kimi, yenə də ABŞ-nin dövlət katibi postunda Vens soyadlı şəxs oturur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz