Krımda Rusiyanın hərbi təyyarəsi qəzaya düşüb – 29 nəfər həlak olub


Rusiyaya məxsus “An-26” hərbi nəqliyyat təyyarəsi Krım üzərində qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində təyyarədə olan 29 nəfərin hamısı həyatını itirib.
Rusiya mediasının məlumatına görə, təyyarə ilə əlaqə çərşənbə axşamı yerli vaxtla saat 18:00 radələrində planlaşdırılmış uçuş zamanı kəsilib. Bundan qısa müddət sonra təyyarənin dağlıq əraziyə çırpıldığı bildirilir.
Axtarış-xilasetmə qrupları qəza yerini müəyyən ediblər. İlkin məlumatlara əsasən, altı heyət üzvü və 23 sərnişin olmaqla, ümumilikdə 29 nəfər həlak olub. Sağ qalanların olmadığı qeyd edilir.
Rusiya Müdafiə Nazirliyi qəzanın ilkin səbəbi kimi texniki nasazlığı göstərib. Rəsmi açıqlamada bildirilib ki, təyyarə ilə hər hansı toqquşma qeydə alınmayıb.
Hazırda hadisə yerində xüsusi hərbi komissiya fəaliyyət göstərir.
Qeyd edək ki, “An-26” tipli təyyarələr 1960-cı illərin sonlarından istismardadır və əsasən hərbi nəqliyyat məqsədləri üçün istifadə olunur.
Onu da bildirək ki, bu hadisədən bir qədər əvvəl Rusiyanın “Su-34” qırıcı-bombardmançı təyyarəsinin də qəzaya düşdüyü barədə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top