
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” Almaniyadakı zavodunu hərbi nəqliyyat vasitələrinin istehsalına çevirmək üçün müdafiə şirkətləri ilə danışıqlar aparır.
Yeniavaz.com “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru Oliver Blum Almaniyanın gündəlik “Frankfurter Allgemeine Zeitung” qəzetinin təşkil etdiyi konqresdə bildirib.
Digər tərəfdən, “Financial Times” qəzetinin çərşənbə axşamı verdiyi məlumata görə, “Volkswagen” şirkəti İsrailin “Rafael Advanced Defense Systems” şirkəti ilə avtomobil istehsalçısının zavodlarından birində istehsalın avtomobillərdən raketdən müdafiə sistemlərinə keçirilməsi ilə bağlı danışıqlar aparır.
Nəşrin məlumatına görə, Almaniyanın qərbindəki Osnabrük şəhərindəki “Volkswagen” zavodunun İsrail dövlətinə məxsus “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etmək üçün yenidən qurulması planlaşdırılır.
Almaniya hökuməti bu planı tam dəstəkləyir və istehsalın 12-18 ay ərzində başlaması gözlənilir.
Qeyd edək ki, “Volkswagen” Almaniya və Avropada aparıcı avtomobil istehsalçısı olan “Volkswagen Group”un bir hissəsidir. Şirkət 1937-ci ildə təsis edilib və İkinci Dünya Müharibəsi zamanı əsasən hərbi nəqliyyat vasitələri üzrə ixtisaslaşıb. Lakin müharibədən sonra şirkət diqqətini mülki nəqliyyat vasitələrinin istehsalına yönəldib.
Tətbiqimizi yükləyə bilərsiniz