
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
1. Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 700 (yeddi yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
2.1. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun bərabər hissələrə bölünməklə) ödənilir:
2.1.1. dul arvadına (ərinə), valideynlərinə;
2.1.2. 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
2.1.3. birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;
2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına həmin Nazirlik tərəfindən ödənilir;
2.3. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu Fərman qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir və bu Fərman qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Tətbiqimizi yükləyə bilərsiniz