
Ermənistanın Baş naziri Nikol Paşinyana hücum etmək cəhdi ilə bağlı açılmış cinayət işi üzrə üç Ermənistan vətəndaşına qarşı ittiham irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan “Facebook” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, iş üzrə üç Ermənistan vətəndaşı saxlanılıb: 18 yaşlı David və Mikael Minasyanlar, həmçinin ictimai-siyasi xadim Gevork Gevorkyan.
“David Minasyana qarşı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxilə) ilə ictimai cinayət təqibi başlanıb. Mikael Minasyana qarşı Cinayət Məcəlləsinin 46-297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlığa kömək) və 46-452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxiləyə kömək) ilə ittiham irəli sürülüb. Gevork Gevorkyana qarşı isə Cinayət Məcəlləsinin 46-297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlığın təşkili) və 46-452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxilənin təşkili) ilə cinayət işi başlanıb.
Qeyd edək ki, martın 29-da Ermənistan Daxili İşlər Nazirliyi İrəvandakı Müqəddəs Anna kilsəsində bazar günü keçirilən ayindən sonra üç nəfərin saxlanıldığını bildirib. Buna səbəb kilsədə keçirilən ayindən sonra Ermənistan Baş naziri Nikol Paşintanla bağlı baş verən insident olub. Belə ki, Paşinyan kilsəni tərk edərkən orada olan şəxlərdən biri mühafizə xidmətinin əməkdaşı ilə mübahisəyə başlayıb, digəri isə baş naziri vurmağa cəhd edib.
Tətbiqimizi yükləyə bilərsiniz