
Mərkəzi ofisi Avstraliyanın Sidney şəhərində yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən hazırlanan və son 13 ildə hər il davamlı olaraq nəşr olunan Qlobal Terror İndeksinin (Global Terrorism Index - GTI) növbəti sayı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan 163 ölkənin yer aldığı siyahıda 93-cü sırada qərarlaşıb və terror təhlükəsinin çox aşağı səviyyədə olduğu ölkə kimi təsnifləndirilib.
Məlumat üçün bildirək ki, ölkələr terrorun təsirinə məruz qalma riskinə görə 6 qrupa bölünür: çox yüksək, yüksək, orta, aşağı, çox aşağı və olmayan.
Terror riskinin çox yüksək olduğu ölkələr Pakistan və Burkina Faso hesab olunur. Aralarında İsrailin də olduğu daha 13 ölkə yüksək terror riski altında olub. Bunlardan başqa, 15 ölkədə terror riski orta səviyyədə qiymətləndirilib ki, aralarında qonşu ölkələrdən Rusiya və İran da var. Terror riski orta səviyyədə olan ölkələr arasında ABŞ və Almaniya kimi ölkələr də yer alır.
Aralarında Türkiyə, Fransa, Ukrayna, Böyük Britaniya və Yunanıstanın da olduğu daha 15 ölkədə isə terror riski aşağı səviyyədə olub.
Sıralamada Azərbaycanın da yer aldığı 54 ölkədə isə terror riskinin çox aşağı səviyyədə olduğu bildirilib. Ötən il ərzində 64 ölkə ümumiyyətlə terror riski ilə üz-üzə qalmayıb.
Keçmiş SSRİ və region ölkələrinin Qlobal Terror İndeksindəki mövqeyi aşağıdakı kimi olub:
17. Rusiya – orta;
18. İran – orta;
36. Türkiyə – aşağı;
39. Ukrayna – aşağı;
41. Tacikistan – aşağı;
77. Gürcüstan – çox aşağı;
81. Ermənistan – çox aşağı;
83. Litva – çox aşağı;
91. Latviya – çox aşağı;
93. Azərbaycan – çox aşağı;
94. Belarus – çox aşağı;
96. Özbəkistan – çox aşağı;
112. Estoniya – olmayıb;
124. Qazaxıstan – olmayıb;
126. Qırğızıstan – olmayıb;
134. Moldova – olmayıb;
160. Türkmənistan – olmayıb.
Onu da bildirək ki, son bir ildə Qlobal Terror İndeksində Azərbaycanın mövqeyi 3 pillə yaxşılaşıb. Belə ki, ötən il Azərbaycan 162 ölkənin yer aldığı siyahıda 90-cı sırada olub. Son bir ildə region ölkələrindən mövqeyi ən çox pisləşən ölkələr Tacikistan və Gürcüstan olub. Tacikistanın mövqeyi son bir ildə 29 pillə, Gürcüstanın mövqeyi isə 37 pillə pisləşib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz