
Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barelinin dünya bazarlarında satış qiyməti bu gün səhər saatlarında 133,65 dollara yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı məşhur “Oilprice” portalı yayıb.
Bildirilir ki, son 5 gündə “Azeri Light”ın qiyməti 11 dollardan çox artıb. ABŞ-nin İrana hava hücumlarından əvvəl – fevral ayının 27-də “Azeri Light” neftinin satış qiyməti 79,6 dollar olub.
Portalın məlumatında həmçinin qeyd olunur ki, hazırda WTI markalı neft 101,2, “Brent” markalı neft isə 114,9 dollara satılır.
Rusiyanın “Sokol” markalı neftinin qiyməti isə son 5 gündə 5 dollar bahalaşaraq 114,8 dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində götürülüb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub.
Onu da bildirək ki, “Oilprice” portalında göstərilənlər “Azeri Light” markalı xam neftin CIF (Cost, Insurance, and Freight) qiymətləridir. “Azeri Light” markalı xam neftinin CIF qiymətinə sığorta və nəqliyyat xərcləri də əlavə olunur. Bu da, FOB (Free On Board) qiymətlərindən – neftin Ceyhan limanındakı qiymətindən təxminən 5-7 dollar yükəsk olur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz