Robert Fitso Rusiyaya görə Avropa İttifaqına sərt xəbərdarlıq edib


Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqı strukturlarına sərt xəbərdarlıq edib.
Yeniavaz.com
Ukrayna mətbuatına istinadən xəbər verir ki, Slovakiya Avropa Komissiyası tərəfindən hazırlanacaq Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklaya bilər.
Baş nazirin sözlərinə görə, Slovakiya yalnız o halda veto hüququndan istifadə etməyəcək ki, “Drujba” neft kəməri ilə Rusiya neftinin tranziti bərpa olunsun. Əks halda, rəsmi Bratislava Aİ daxilində sərt addımlar atmağa hazırdır.
Fitso həmçinin Ukraynanın Aİ-yə üzvlük prosesinə münasibətin də dəyişə biləcəyini istisna etməyib. O qeyd edib ki, Slovakiyanın tələbləri nəzərə alınmasa, bu məsələdə mövqe yenidən qiymətləndiriləcək.
Slovakiya lideri Avropa İttifaqı qurumlarını “ikili standartlar” tətbiq etməkdə ittiham edib. Onun fikrincə, Brüssel Ukraynanın maraqlarını üzv dövlətlərin maraqlarından üstün tutur. Fitso bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa strukturlarının addımları Slovakiyanın milli maraqlarına ziddir.
Baş nazirin açıqlamasına görə, Slovakiya daxili yanacaq bazarını qorumaq üçün tədbirlər gördükdən sonra Avropa Komissiyasından təhdid xarakterli məktub alıb.
Qeyd edək ki, “Drujba” kəməri ilə neft idxalının dayandırılmasına cavab olaraq Slovakiya hökuməti fevralın 23-də Ukraynaya fövqəladə elektrik enerjisi təchizatını tam dayandırıb. Bu qərar ölkə daxilində ciddi mübahisələrə səbəb olub və müxalifət Fitsonu dövlətə xəyanətdə ittiham edib. Mart ayında isə hüquq-mühafizə orqanları baş nazirə qarşı rəsmi araşdırmaya başlayıb.
Bundan əlavə, Fitso Macarıstanın Baş naziri Viktor Orban ilə strateji əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. Məlumata görə, tərəflər Ukraynaya ayrılmış təxminən 90 milyard avroluq makromaliyyə yardımının bloklanmasını müzakirə edirlər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top