
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Kubaya neft tədarükünə qarşı çıxmadığını bəyan edib.
Yeniavaz.com CNN-ə istinadən xəbər verir ki, o, bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, kubalıların enerji resurslarına ehtiyacı var və bu səbəbdən istənilən ölkənin, o cümlədən Rusiyanın neft göndərməsinə etiraz edilmir:
“Əgər hər hansı bir ölkə indi Kubaya neft göndərmək istəyirsə, mənim etirazım yoxdur”.
Məlumata görə, təxminən 730 min barel neft daşıyan “Anatoli Kolodkin” adlı Rusiya tankeri artıq Kuba sahillərində müşahidə olunub və yaxın günlərdə ölkəyə çatacağı gözlənilir.
Tramp həmçinin qeyd edib ki, mövcud enerji böhranı başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyaların yenidən tətbiqi mümkündür. O, həmçinin Kubadakı siyasi sistemi sərt tənqid edərək ölkə rəhbərliyini “korrupsiyalaşmış” adlandırıb.
Daha əvvəl “The New York Times” yazıb ki, ABŞ Sahil Mühafizəsi Rusiya tankerinin Kubaya çatmasına müdaxilə etməyib. Bildirilir ki, bölgədə gəmini saxlaya biləcək ABŞ gəmiləri olsa da, administrasiya belə bir göstəriş verməyib.
Qeyd edilir ki, ABŞ-nin siyasəti nəticəsində Venesueladan Kubaya neft ixracı dayandırılıb. “Reuters” isə xəbər verir ki, bu addımdan sonra Kubaya əsas tədarükçülərdən biri olan Meksika da ixracı dayandırıb.
Nəticədə, ölkədə enerji böhranı dərinləşib. Kuba Prezidenti Dias-Kanel son üç ayda Kubaya neft tankerlərinin gəlmədiyini açıqlayıb. Bu isə benzin qıtlığına və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.
ABŞ Maliyyə Nazirliyi isə daha əvvəl Rusiya neftinin satışına müvəqqəti icazə verib.
Tətbiqimizi yükləyə bilərsiniz