
Gürcüstanın ilk tammiqyaslı neft emalı zavodu olan “Black Sea Petroleum” (BSP) Rusiya xammalından asılılığı aradan qaldırmağı strateji prioritet kimi müəyyənləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi və baş direktoru Giorgi İsakadze “Business Week”ə müsahibəsi zamanı danışıb.
Şirkətin nümayəndəsi David Potsxveriya isə bildirib ki, BSP fəaliyyətə ilkin mərhələdə Rusiya neftinin emalı ilə başlayıb, lakin hazırda xammal bazasının şaxələndirilməsi istiqamətində aktiv addımlar atır:
“Məqsəd alternativ mənbələr hesabına istehsalı genişləndirmək və məhsulları Avropa Birliyi bazarına çıxarmaqdır. Bizim əsas vəzifəmiz mövcud Rusiya xammalını tamamilə əvəz etməkdir. Bunun üçün ilk mərhələdə Türkmənistan nefti, daha sonra isə Qazaxıstan və digər mənbələr üzərində işləyirik”.
Onun sözlərinə görə, xammalın şaxələndirilməsi ixrac imkanlarına birbaşa təsir göstərir: “Belə ki, hazırda Avropa Birliyi bazarı Rusiya mənşəli xammaldan istehsal olunan məhsullar üçün bağlıdır və alternativ mənbələrdən istifadə bu məhdudiyyətləri aradan qaldıra bilər. Bununla yanaşı, BSP-nin qarşılaşdığı əsas problemlərdən biri Türkmənistan neftinin tranziti ilə bağlıdır”.
Potsxveriya qeyd edib ki, Azərbaycan Dəmir Yolları vasitəsilə daşınma üzrə razılaşmalar əldə olunsa da, faktiki nəql prosesi hələ başlamayıb.
“Gözlənilmədən Azərbaycan ərazisindən dəmir yolu tranzitinin həyata keçirilməsi çətinləşib. Bir neçə ay əvvəl Türkmənistan nefti ilə bağlı razılığa gəlmişik, lakin onun nəqli gecikir”, – deyə o bildirib.
Şirkət ümid edir ki, bu məsələ yaxın vaxtlarda həllini tapacaq və alternativ təchizat zənciri aktivləşdiriləcək. Potsxveriyanın sözlərinə görə, dəmir yolu tranziti bərpa olunduqdan sonra Qazaxıstan nefti də daxil olmaqla digər mənbələrdən tədarükün genişləndirilməsi mümkün olacaq.
Qeyd edək ki, Kulevidə həyata keçirilən BSP layihəsinin ümumi dəyəri 600 milyon dollar təşkil edir. Layihənin ilk mərhələsinə 150 milyon dollardan çox investisiya yatırılıb və illik 1,2 milyon ton istehsal gücünə malik zavod artıq fəaliyyət göstərir. Bu mərhələdə əsasən nafta, yanacaq yağı və yarımfabrikatlar istehsal olunur.
İkinci mərhələ başa çatdıqdan sonra isə zavodun illik istehsal gücü 4,5 milyon tona çatdırılacaq və Avro-5 standartlarına uyğun benzin, aviasiya yanacağı və dizel istehsalı nəzərdə tutulur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz