Rusiyada mağazaların sayı son 25 ildə ilk dəfə azalıb


Rusiyada pərakəndə satış sektoru son 25 ildə ilk dəfə olaraq azalma tendensiyası ilə üzləşib.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, 2025-ci ildən etibarən müşahidə olunan bu geriləmə 2026-cı ilin əvvəlinə qədər daha da dərinləşib və xüsusilə iri şəhərlərdə kəskin hiss olunub.
Paytaxt Moskvada pərakəndə satış məntəqələrinin sayı 2025-ci ilin əvvəlindəki 87 min göstəricidən 2026-cı ilin əvvəlində 82 min 500-ə düşüb. Eyni dövrdə Sankt-Peterburqda mağazaların sayı 44 mindən 42 min 200-ə enib. Beləliklə, təkcə bu iki böyük şəhərdə ümumilikdə 7 min 500-ə yaxın mağaza fəaliyyətini dayandırıb.
Ekspertlərin fikrincə, bu tendensiya yalnız iri şəhərlərlə məhdudlaşmır. Ölkə üzrə vəziyyət də oxşardır və azalma ərzaq mağazalarından tutmuş geyim və elektronika satış nöqtələrinə qədər bütün seqmentləri əhatə edir.
Bəzi iri şirkətlər də fəaliyyətlərini məhdudlaşdırmağa məcbur qalıb. Məsələn, “Krasnoe i Beloe” şəbəkəsinin 2024-cü ildə açdığı 4500 mağaza ilə müqayisədə 2025-ci ildə cəmi bir neçə yüz yeni mağaza açdığı bildirilir. “VkusVill” və “Svetofor” şəbəkələri isə fəaliyyət həcmini təxminən 10 faiz azaldıb. Bundan əlavə, 2025-ci ildə ölkədə geyim mağazalarının 12 faizi bağlanıb.
Ümumilikdə isə əsas səbəblər sırasında istehlakın azalması və yüksək ərzaq inflyasiyası göstərilir. Bu amillər fonunda oflayn mağazaların xərcləri artıb, mənfəətlilik isə azalıb. Bundan əlavə, 2025-ci ildə immiqrasiya qanunlarının sərtləşdirilməsi və əməkhaqlarının artması da biznesə əlavə yük gətirib.
Digər mühüm faktor isə vergi dəyişiklikləridir. 2026-cı il yanvarın 1-dən etibarən sadələşdirilmiş vergi sistemi üçün dövriyyə limiti 60 milyon rubldan 20 milyon rubla endirilib. Bu isə bir çox mağazanın daha yüksək vergi yükü ilə üzləşməsi və nəticədə bağlanması riskini artırır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top