
Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazından keçən neft axınlarının idarə olunması üçün yeni konsorsium yaratmağı nəzərdən keçirir.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, təşəbbüs çərçivəsində Pakistana da iştirak təklifi edildiyi bildirilir.
Məlumata əsasən, konsorsium ideyası artıq həm ABŞ, həm də İran ilə müzakirə olunub. Bununla yanaşı, Pakistanın rəsmi şəkildə bu təşəbbüsə qoşulmağa dəvət almadığı və böyük ehtimalla iştirak etməyəcəyi qeyd olunur.
Diplomatik mənbələrin sözlərinə görə, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri arasında danışıqlar dünən İslamabad şəhərində başlayıb. Görüşlərin əsas məqsədlərindən biri regionda gərginliyin azaldılması və xüsusilə İran ətrafında davam edən münaqişəyə son qoyulması üçün vasitəçilik səylərini gücləndirməkdir.
Agentliyin məlumatına görə, martın 29-da baş tutan ilkin görüşlər zamanı tərəflər Vaşinqtona Hörmüz boğazında gəmiçiliyin bərpası və dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər paketi təqdim ediblər. Bu təkliflərə Süveyş kanalı modelinə bənzər ödəniş mexanizminin yaradılması da daxildir.
Mənbələr bildirir ki, regionda strateji mövqeyə malik olan Pakistan həm Tehran, həm də Vaşinqtonla əlaqələrindən istifadə edərək diplomatik vasitəçi rolunu gücləndirməyə çalışır. Pakistan ordusunun baş komandanı Asim Munir ilə ABŞ-nin vitse-prezidenti Cey Di Vens arasında müntəzəm təmasların olduğu da vurğulanır.
Tətbiqimizi yükləyə bilərsiniz