
“Al Arabiya” telekanalının yüksək vəzifəli diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Ərəb Liqasının yeni baş katibi vəzifəsinə Nəbil Fəhmi seçilib.
Yeniavaz.com xəbər verir ki, o, bu postda hazırkı rəhbər Əhməd Əbul Qeyti əvəz edəcək.
Mənbələrin bildirdiyinə görə, Fəhminin namizədliyi Ərəb Xarici İşlər Nazirlərinin 165-ci sessiyası zamanı üzv dövlətlərin konsensusu əsasında təsdiqlənib. Yeni baş katibin vəzifəsinin icrasına rəsmi olaraq iyulun 1-dən başlayacağı gözlənilir.
1951-ci ildə anadan olan Nəbil Fəhmi uzun illər beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmiş təcrübəli diplomat kimi tanınır. O, Misirin sabiq xarici işlər naziri İsmayıl Fəhminin oğludur.
Fəhmi 2013-cü ilin 30 iyun hadisələrindən sonra, 2014-cü ilin iyun ayınadək Misirin xarici işlər naziri vəzifəsində çalışıb. Bu dövrdə o, ölkəsinin siyasi kursunu beynəlxalq ictimaiyyətə izah etmək və regiondakı rolunu gücləndirmək istiqamətində diplomatik fəaliyyətə rəhbərlik edib.
Diplomatın karyerasına ABŞ və Yaponiyada səfir kimi fəaliyyəti də daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz