
İranda təhlükəsizlik qüvvələrinin Tehranda davam edən müharibə şəraitində nəzarət-buraxılış məntəqələrini gücləndirmək və digər vəzifələri yerinə yetirmək üçün 12 yaşlı uşaqları da hərbi xidmətə cəlb etdiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat verib.
Bildirilir ki, bu barədə ölkənin yüksək rütbəli hərbi rəsmilərindən biri dövlət televiziyasına açıqlama verib.
Məlumata görə, müharibə başlayandan sonra Tehran ətrafında çoxsaylı nəzarət məntəqələri yaradılıb. Yerli sakinlərin sözlərinə əsasən, bəzi məntəqələr mülki geyimdə olan və avtomat silahlarla təchiz edilmiş yeniyetmələr tərəfindən idarə olunur.
İran hakimiyyəti təhlükəsizlik qüvvələrinə qoşulmaq istəyənlərin qeydiyyatı üçün “İran üçün” adlı kampaniyaya start verib. Bildirilir ki, bu kampaniya çərçivəsində çağırış yaşı 12-yə endirilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmisi Rahim Nadali dövlət televiziyasına açıqlamasında qeyd edib ki, 12 yaşdan yuxarı şəxslər qeydiyyatdan keçərək könüllü dəstələrə qoşula bilərlər. Onun sözlərinə görə, bu qüvvələr ABŞ kimi “qlobal zorakı qüvvələrə” qarşı fəaliyyətlərdə iştirak edirlər.
Rəsmilərin bildirdiyinə görə, könüllülərin yerinə yetirdiyi tapşırıqlara təhlükəsizlik məlumatlarının toplanması, operativ patrul xidmətləri və gecə saatlarında şəhərdə avtomobil karvanlarının təşkili daxildir.
Nadali əlavə edib ki, xüsusilə yeniyetmələr arasında nəzarət məntəqələrində xidmət etmək istəyənlərin sayı çox olub. “Yaş həddini 12-yə endirdik, çünki 12-13 yaşlı uşaqlar da bu proseslərdə iştirak etmək istəyir,” – deyə o bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz