
Biz öz valideynlərimizi seçmədiyimiz kimi, vətənimizi də seçmirik. Bizi bu vətənə, bu vətəni bizə bizi Yaradan seçir. Vətən sevgisi insanın yaradılışında var. Hara getsən də, harada məskən tutsan da, atalar demişkən, lap Misirdə sultan olsan da, ilk gördüyün həyət-baca, ağaclar, insanlar, dağ-dərə, yollar, cığırlar ömür boyu səninlə gedir, gündüzlər xəyallarından, gecələr yuxularından çıxmır. Vətən udduğumuz ilk havadır. Vətən gördüyümüz ilk torpaqdır. Vətən bizim bir parçamızdırsa, biz də vətənin bir parçasıyıq. Vətən sevgisi başqa sevgilərə bənzəmir. Nə qədər ondan uzaqda olsaq da, əvvəlki təzəliyində, əvvəlki təravətində qalır. “Vətən sevgisi imandandır” - buyurur Könüllər Sultanı Uca Peyğəmbərimiz (s.ə.s.). Yəni vətəni sevmək imanın bir şöbəsidir. Mövzunu bir qədər də açmaq istəsək, imanı olanın vətənini sevməsi təbiidir.
***
Sovet hökumətinin qanlı illərində onun antiinsan siyasətini bəyənməyən, qəbul etməyən insanları daha çox iki adla damğalayırdılar: biri xalq düşməni, o biri də vətən xaini. Çox ağır ittihamlardır, deyilmi? Ancaq nə qədər ağır olsa da, əcdadımızın yaşadığı ağır həqiqətlərin nişanəsi kimi yaddaşlarda qalır. Bu ifadələr əslində sökülüb-dağılmış və istifadəyə yaramayan işğəncə yerləri, həbsxana kameraları kimi qalır dilin bir bucağında. Halbuki, onların əksəriyyəti xalqını sevən, vətəninə bağlı olan dürüst insanlar idilər. Sadəcə olaraq, o dövrdə hakim sistem ədaləti, dürüstlüyü həzm edə bilmədiyi üçün onları o adlarla damğalayırdılar. Bir həqiqəti də unutmaq olmaz ki, ədalət insanı insan edən xarakterlərin ən mərkəzində yerləşir. Əslində ədalət hər kəsi və hər şeyi layiq olduğu məsafədə tutmaq, hər kəsi layiq olduğu qədər sevmək, hər kəsə layiq olduğunu verməkdir. Əgər bir insanda bunlar yoxdursa, onun nə vətən sevgisinə, nə də xalq məhəbbətinə inanmaq mümkündür.
***
Vətənpərvər olmaq ədalətli olmaqla yanaşı həm də məsuliyyətli olmaqdır. İnsanlara daha çox fayda vermək üçün çalışmaqdır. İnsanlara daha çox kömək etmək üçün çırpınmaqdır. Sən ha de ki, mənim tarixim daha qədimdir, mənim şairim daha böyükdür, mənim mədəniyyətim daha zəngindir... Bunları bir tərəfə qoyaq və hər kəs özündən danışsın. Sən kimsən, nə işin sahibisən, işini doğru-düzgün görə bilirsənmi, kiməsə doğru-düzgün fayda verə bilirsənmi?...
Etiraf edək ki, bu gün dünyada hələ də kifayət qədər tanınmış bir markamız yoxdur. Avtomobil almaq istəyənlər filan ölkənin malını axtarırlar, elektrotexnika seçənlər filan ölkənin malını üstün tuturlar. Mühəndis lazımdırsa, xaricdən gətirirlər, həkim lazımdırsa, xaricdən çağırırlar...
Halbuki vətənpərvərlik - öz işini ən gözəl şəkildə yerinə yetirməkdir, əl buladığı hər işdə usta olmaqdır. Və nəhayət vətənpərvərlik ədalətdir, dürüstlükdür. Hər işin daha yaxşısına səy göstərməkdir, hər işin daha mükəmməlinə can atmaqdır. Bacarıqlı olmaqdır, təşəbbüs göstərməkdir. Bunlar yoxdursa, vətənpərvərlikdən danışmaq da əbəsdir...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz